AFFA prezidenti Rövnəq Abdullayev martın 15-də manşetləri bəzədi. Həmin gün qurumun illik hesabat konfransı və İcraiyyə Komitəsinin iclası keçirildi. O, bir çox cari və həlli gözlənilən məsələ/problemlər barədə danışmaqla, məlumat verməelə bərabər, "Səbail»in gələcəyindən də söz açdı. Bildirdi ki, I Divizionda çıxış edən “Səbail”in Müşahidə Şurasının sədri olan oğlu Rəşad Abdullayev istefa verməsi mümkündü:
“Oğlum Rəşad da futbolu sevir. Onu futbola qəsdən qoşdum ki, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. Çünki deyəndə, niyə Bakıya gəlmirsən, cavab verirdi ki, nəyə gəlim, məşğul olmağa iş yoxdu. “Səbail” Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz».
Sportinfo.az-ın oxucuları bu haqda daha öncədən məlumatlı idi. Saytımız martın 1-də "Rövnəq Abdullayev oğlunu "Səbail"dən nəyə görə ayırır?» başlıqlı xəbərlə (http://sportinfo.az/news/4649) hadisələrin nəbzini tutmuşdu. AFFA prezidentinin açıqlamasından 15 gün əvvəl yazmışdıq ki, məsələ nə yerdədi, oğul Abdullayevin fəaliyyəti sahəsi dəyişir. Bunun səbbəblərini göstərmiş, növbəti addımların nədən ibarət olacağına dair "ipucu»ları vermişdik.
Redaksiyamıza daxil olan son informasiyaya görə, Abdullayev AFFA-dakı işlərini qeyri-rəsmi olaraq oğluna tapşırmaq istəyir. Çünki özü ildə 1-2 dəfədən artıq federasiyaya təşrif buyura bilmir, günün çoxunu ya SOCAR-da, ya müxtəlif xarici səfərlərdə, ya da dövlət tədbirlərində keçirir. Abdullayevin AFFA-nın 5 mərtəbəli binasında kabineti də yoxdu.
Rəşad bəy isə faktiki futbolda idarəçi olmağa həvəs göstərmir. Fikri Türkiyəyə qayıtmaq, atasından icazə ala bilsə, Avropanın qabaqcıl ölkələrindən birinə yollanmaq, burda biznes qurmaqdı. Türkiyə mediası gənc iş adamının 5 böyük şirkətə sahibi olması haqda dəfələrlə yazıb və biz burdan çıxış edib ehtimal irəli sürə bilərik ki, o, ixtisası üzrə çalışmaq niyyətindədi.

