"I Diviziondakı klublardan bəziləri düzgün yolda deyil".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O bildirib ki, I Divizionda şübhəli oyunlar mövcuddur. E.Məmmədov bununla bağlı yeni konsepsiyanın hazırlanacağını diqqətə çatdırıb:
"Bunu artıq 2 ildir AFFA-nın Konfransında qeyd edirik. Bu məsələ ilə bağlı ötən il bir neçə klub və futbolçu cəzalandırıldı, futboldan kənarlaşdırıldı.
I Divizonda bəzi klublar AFFA tərəfindən maliyyələşdirilir, buna baxmayaraq, o komanda şübhəli oyunlarda varsa, o da kənarlaşdırılacaq. Bunu sizə əminliklə deyə bilərəm".
Baş katib Premyer Liqaya yüksələ bilmədikləri halda I Divizionda klub saxlamalarının səbəbini isə belə izah edib:
"Biz bölgələrdə futbola dəstək olmaq, komandaların qayğısına qalmaq, təkan olmaq istəyirik. Bunu o niyyətlə edirik ki, birinci addımı ataq, sonra iş adamları, dövlət strukturları bu işə qoşulsunlar.
Təəssüf ki, iş adamları bu addımımıza qoşulmadılar. Bu işi də yarımçıq buraxmaq istəmədik. Fikirləşdik ki, 3-4 il davam edək görək nə baş verir. Baxaq görək, neçə futbolçu gəlib. Peşkəkar Futbol Liqasının analizini götürdük, təhlilini apardıq.
Neçə futbolçu I Diviziondan Premyer Liqaya gəlib, bunu bilmək istədik. Bunun təhlili aparılır. Mütəmadi olaraq PFL-lə, Məşqçilər Komitəsi ilə baxırıq ki, futbolçular yetişirmi, yetişmirmi? Əlavə olaraq, həmin klublarda uşaq futbolunu tətbiq etdik. Açıq danışacağam: Məcburi tətbiq etdik. Dedik ki, mütləq olmalıdır".

