Debüt mövsümündə I Divizionun çempionu ünvanına sahib çıxan «Xəzər»in, deyəsən, Premyer Liqaya yolu açılmaq üzrədi.
Hər halda son günlər AFFA ilə klub arasında yeni gəlişmələr yaşanmaqda və «soyuq müharibə» başa çatmaqdadı.
Buzları yavaş-yavaş əridən jesti federasiya edib. Belə ki, qurum təmsilçilərindən birinin «Xəzər»in Müşahidə Şurasında və ya İdarə Heyətində yer alması təklifini irəli sürüb.
Qarşı tərəf bu variantı müsbət qiymətləndirib. Düzdü, klubun özündə bununla bağlı kiçik bir anlaşılmazlıq və yaxud belə deyək, fikir ayrılığı olsa da, ümumi mövqe AFFA-nın təklifini dəyərləndirmək yönündədi.
Məsələ hələ müzakirə və danışıqlar səviyyəsindədi. Ancaq bütövlükdə götürəndə, ümid var. Çünki AFFA-nın özü də Premyer Liqa iştirakçılarının sayını artırmaqda maraqlı olduğunu göstərib.
Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyevin timsalında. Baş katib Elxan Məmmədovun da köməkçisi olan bu şəxs açıq şəkildə elan edib ki, I Diviziondan elitaya yüksəlmək şansını saxlayan klublar var.
O, belə bir bəyanatı özbaşına səsləndirə bilməz. Mütləqdi ki, «yuxarı» ilə razılaşdırsın. Deməli, üst çevrədə müəyyən görüşmələr və razılaşmalar əldə olunub. Bu, həllini tapandan sonra «Xəzər»in paytaxtdan kənara çıxması və Qubanı təmsil etməsi xırda məsələdi.
Təbii ki, AFFA da istəməz ki, güclü maliyyə dayaqları olan klub bir günün içində fəaliyyətini dayandırsın.
Onsuz da, son illər iş adamlarının, şirkətlərin futbola axını birmənalı şəkildə dayanıb və əks tendensiyanı müşahidə edirik. «Xəzər»in işi müsbət yöndə bitsə, qalır 10-cu iştirakçını müəyyənləşdirmək.
SPORTİNFO.AZ

