“Xəzər” Premyer Liqaya buraxılmasa, fəaliyyətini dayandıracaq

3 May 2018 19:36 I Divizion 1 129
“Xəzər” Premyer Liqaya buraxılmasa, fəaliyyətini dayandıracaq

Çempionatın sonu yaxınlaşdıqca ortaya çıxan əsas sual növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyidi.

Hər il ortaya çıxan, lakin cavabı naməlum mövzudu.

Hazırda birinci divizionda liderlik edən “Xəzər” çempionluğun bir addımlığındadı. Bu isə o deməkdi ki, Qubanı təmsil etməyi düşünən klub-komanda yüksək dəstəyə vəsiqə qazanacaq.

Lakin belə olmamaq ehtimalı da yüksəkdi. “Kəpəz”in elitada qalacağı ilə bağlı faktlar “Xəzər”in premyer-liqada mübarizə aparmaq ehtimalından daha yüksək görünür. Yəni hadisələrin bugünkü axarı buna doğru aparır. 10 komandalı çempionat keçirmək isə indiki halda çətin görünür.

Hətta “Kəpəz” qalsa, “Xəzər” də elitaya yüksəlsə, 10-cü imkanlı iştirakçı yoxdu. Bir sözlə, dolaşıq vəziyyətdi. “Xəzər”lə bağlı hansı qərarın veriləcəyini, payızda Qubada böyük futbolun olub-olmayacağını heç kim bilmir.

Belə vəziyyətdə klubun icraçı direktoru, futbolun incəliklərindən kifayət qədər xəbərdar olan Emin Abbasovla danışmaq qərarına gəldik.

“Xəzər”in gələcək taleyi ilə bağlı nə yeniliklər var?
- Bu gün üçün ən vacib yenilik komandanın 1-ci pilləyə yüksəlməsi, kollektivdə qalib əhval-ruhiyyəsinin olmasıdı. Allahın köməyi ilə çempionluğa doğru gedirik. Lisenziyalaşdırmanın tələblərinə uyğun sənədləri təqdim etmişik. Komandanın Qubanı təmsil edə biləcəyini demişik, həmin sözün də üstündə dururuq. Artıq indidən şimal regionundakı durumla maraqlanır, vəziyyətlə yerində tanış olmağa çalışırıq. Oturub İcraiyyə Komitəsinin qərarını gözləyirik. Başqa hansısa yenlik yoxdu.

Azərbaycan reallığı var. Premyer-liqaya iddia edən klubların rəhbərləri öncədən AFFA və PFL-dəki əsas söz sahibləri ilə görüşür, söhbətləşir, nələrisə müzakirə edirlər. “Xəzər” rəhbərliyi bu yöndə addım atıb?
- Mövsüm ərzində bir neçə görüş baş tutub. Fikirlərimizlə, gələcək planlarımızla tanışdılar. Belə deyim, klubla və görüləcək işlərlə bağlı nə lazımdısa, demişik. Gözləməkdən başqa çıxış yolumuz yoxdu.

“Xəzər” premyer-liqada çıxış etməyə hazırdı?
- 100 faiz.

Komanda yox, klub olaraq.
- Klublar Komitəsinin iclasından sonra belə bir açıqlama verilib ki, birinci divizionda klub anlayışı yoxdu. Bu, kifayət qədər mübahisəli açıqlamadı. Mən də iddia edirəm ki, Azərbaycanda “Qəbələ”ni və birvaxtlar premyer-liqada iştirak etmiş “Bakı”nı çıxsaq, dünya təcrübəsindəki klub tələblərinə cavab verən klub yoxdu. Klub sözü geniş anlayışdı. Klubun ilk növbədə akademiyası, yaxşı infrastrukturu, bir neçə məşq meydanları, süni və təbii qazonları olmalıdı. Peşəkar səviyyədə çalışan əsas komandası olmalıdı. Bu cür çox az sayda premyer-liqa təmsilçiləri həmin standartlara cavab verir. Digər sual, guya əvvəlki illərdə aşağı dəstədən elitaya yüksələn hansı klub nə edib ki? “Zirə”ni də görmüşük, “Səbail”i də, “Kəpəz”i də. Bunların heç biri birinci divizionda mübarizə apara-apara premyer-liqaya hazır deyildi. Elitaya yüksəlmək qərarı veriləndən sonra qollarını çırmalayıb, işə başlayıblar. Uşaq komandaları yaradılır, büdcə artırılır, səviyyəli futbolçular cəlb olunur , ondan sonra tədricən infrastruktur problemləri də həllini tapır. Bu işin çarəsi budu.

Bu gün “Xəzər”in neçə yaş qrupları üzrə uşaq komandaları var?
- Yoxdu. “İsgəndər Cavadov Akademiyası” ilə müqavilə bağlamışıq. Premyer-liqanın tələblərinə uyğun aşağı yaş qruplarından ibarət komandaları yaratmaq üçün 200-300 min manat vəsait lazımdı. Komandası divizionda mübarizə aparan heç bir klub funksioneri bu pulu xərcləməz.

Növbəti çempionatın başlamasına 3 ay vaxt qalıb. Sabah “Xəzər”in elitada iştirakı ilə bağlı qərar verilsə, bu müddət ərzində uşaq komandalarını yaratmaq mümkün olacaq?
- Əlbəttə, mümkündü. Orda çətin nə var?

O qədər azyaşlı uşağı hardan tapacaqsız?
- Məgər “Zirə” 2 aya tapmadı?

“Zirə” və “Səbail” Bakıdakı futbol məktəblərindən cəlb etdilər.
- Həmin məntiqlə, “Xəzər”in də “İsgəndər Cavadov Akademiyası” ilə müqaviləsi var. Uşaq tapmaq nə böyük problem olub? Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran – bu rayonlarda bilirsiz nə qədər uşaq komandaları var? Bilirsiz bizə nə qədər zənglər gəlir? SDK postundan bu yana saysız zənglər, müraciətlər daxil olur. Çoxunda şəraitsizlikdi, ya da pərakəndə işləyirlər. Ona görə də bölgədə peşəkar klubun olmasını istəyirlər. Şimal zonasında futbolçu potensialı var. Rahid Əmirquliyev, Kamran Ağayev, Namiq Ələsgərov, Tellur Mütəllimov – bu futbolçuların hamısı şimal zonasında yetişib. Hələ neçə-neçə istedad şəraitsizlik, imkansızlıq ucbatından futboldan uzaqlaşıb. Uşaq komandaları ilə bağlı zərrə qədər də problem yoxdu.

Büdcəylə bağlı vəziyyət necədi? Lisenziyalaşdırmanın şərtlərinə uyğun bank hesabındakı məbləği göstərə biləcəksiz?
- Bununla bağlı da heç bir problem yoxdu. Bu gün divizionda ən yaxşı şərtlərə və sabitliyə malik komanda “Xəzər”di.

Razılaşaq ki, premyer-liqa divizion deyil. Oranın şərtləri daha ağırdı.
- Burda söhbət maliyyədən yox, klub başında duran şəxsin işinə dəqiq yanaşmasından asılıdı. Pula qalsa, pul lap çoxdu. Sadəcə, bu gün üçün kluba ayrılan müəyyən məbləğdi. Klub rəhbərliyi lazım olan büdcəni ayırmaq gücündədi. Yenə deyirəm, bu gün əsas problem uşaq komandalarında, büdcədə, infrastrukturda deyil. Bütün klublar işini tədricən qurub. Premyer-liqada olanlar aşağı-yuxarı komanda şəklində işləyirlər, bizdə klub anlayışı dünya standartlarından geri qalır.

“Xəzər”in sponsoru bir nəfərdi, yoxsa bir neçə?
- Tələblərdən biri də klubun fərdə yox, şirkətə bağlı olmasıdı. Klub rəhbərinin müxtəlif şirkətləri var. Yəni bu tələbi yerinə yetirmək də çətin deyil.

Sirr deyilsə, söhbət sponsorun hansı şirkətlərindən gedir?
- Bu haqda geniş məlumata sahib deyiləm. Mənim işim sponsorun şirkətlərini saymaq, onlar haqda bilgi toplamaq deyil axı. Mən “Xəzər”də görülən işlərə nəzarət edirəm.

Yazılanlara inansaq, kluba “ZZ Group” sponsorluq edir. Sadəcə, şirkət köklü, güvənli olmadığına görə AFFA “hə” deyə bilmir. Bunu da ehtimal saymaq olar?
- Boş söhbətlərdi. Kim hardan bilər ki, şirkət harda və hansı işləri görür? Büdcəsi nə qədərdi, qazancı nə qədər. Heç bir şirkət büdcəsi, qazancı haqda məlumat vermir.

Problem maliyyədə deyil, uşaq futbolunda deyil, infrastrukturda deyil. Bəs “Xəzər”in elita müəmması nədi belə?
- Bu müəmma tək “Xəzər”lə bağlı deyil. Neçə illərdi belədi, bu gün də davam edir. Artıq neçə illərdi birinci divizionda çempion olan komanda premyer-liqaya yüksələ bilmir. Bunun kökünü siz axtarıb tapmalısız. Bizdən nə tələb olunursa, etmişik.

“Xəzər” elitaya yüksəlməsə, klub fəaliyyətini davam etdirəcək?
- Bu, klub rəhbərliyinə aid sualdı, mən nəsə deyə bilmərəm.

Siz deməyin, hissiyyatınız desin.
- Şəxsi fikrim belədi ki, böyük ehtimalla klub yaşamayacaq. Kimsə dediyimi şantaj kimi qəbul edə bilər. Əsla belə deyil. Çünki hansı liqada oynamasından asılı olmayaraq, yaşamasını istəyən ilk şəxs elə özüməm. Çünki burda işləyirəm, qarşıma hədəflər qoymuşam. “Xəzər” dağılsa, ən böyük zərbə mənə dəyər, çox pis olaram. Amma reallığı da unutmayaq. Sponsor ilboyu pul xərcləyir, kluba diqqət ayırır, vaxtını, enerjisini sərf edir ki, komandası yarışın qalibi olsun. Yekunda hədəfə çatır, amma premyer-liqa həvəsi alınmır. Daim birinci divizionda çıxış etməkdə heç bir marağı olmayacaq. O da istəyir ki, komandası “Qarabağ”a, “Qəbələ”yə qarşı oynasın, futbol ictimaiyyəti arasında tanınsın, imkan daxilində avrokuboklara vəsiqə qazansın. Bunlar olmadıqda, istər-istəməz futbola maraq qalmır.

“Xəzər” payızdan bu yana Bakını təmsil etsə də, heç vaxt Quba adı çəkilmirdi. Yalnız birinci divizionun qalibi olmaq ehtimalı artandan sonra komandanın bölgəni təmsil edəcəyi ilə bağlı xəbərlər dolaşdı. Bu haqda niyə mövsümün əvvəlində deyilmirdi, yaxud “Xəzər” Qubanı məhz həmin vaxtdan təmsil etmirdi?
- Əvvəla, biz kluba qışda gəldik. Gələn kimi də əsas təkliflərimdən biri “Xəzər”in hansısa bölgəni təmsil etməsi oldu. Hətta bir neçə rayonun adı çəkilmişdi. Sadəcə, həmin vaxt komanda 8-ci pillədə yer almışdı. Əsas məqsəd heyətin gücləndirilməsi, iddialılarla xal fərqinin aradan qaldırılması idi deyə, Quba məsələsi aktual deyildi. Bir növ, çempionata köklənmişdik. Sonra görəndə ki, çempion olmaq öz əlimizdədi və buna doğru gedirik bu iddianı yenidən rəhbərlik qarşısında qaldırdım. Ətraflı izah etdim ki, klub olmaq istəyiriksə, bölgələrə çıxmalıyıq. Müzakirələr aparıldı və razılıq əldə olundu.

Niyə məhz Quba?
- Quba şimal regionunun mərkəzidi, futbol ənənələri var, bölgənin insanları futbolu sevir. Üstəgəl, səliqəli yerdi, şərait var. Rəhbərlik qarşımıza ilk növbədə Qubadakı şəraitlə maraqlanmaq şərtini qoymuşdu. Bunu da etdik və sonda belə qərara gəldik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti