I Divizionda 25-ci turun mərkəzi qarşılaşması Lökbatanda baş tutdu.
“Qaradağ Lökbatan” doğma meydanda “Xəzər”lə üz-üzə gəldi.
Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların dueli böyük maraq doğururdu. Həmin oyunda qonaqlar qalib gəlməklə (3:1) liderliyi ələ keçirdi. Halbuki komandalar qış fasiləsinə yollanarkən aralarında 19 xal fərq var idi.
Elşad Əhmədovun yetirmələri çempionatın 2-ci yarısında inamlı təsir bağışlamaqla həmin məsafəni “əritdi”. Təbii, bunda Lökbatan təmsilçisinin uğursuz çıxışı da ciddi rol oynadı. Bir sözlə, sona 2 tur qalmış “Xəzər” çempionluğa daha yaxındı.
Hər halda debütantın əsas rəqibi uğursuzluq zolağındadı və futbolda psixoloji amilin nə dərəcədə önəmli olduğunu hər kəs anlayır. İstər-istəməz 19 xallıq fərqin əriməsinin səbəbləri maraq doğurur.
Görəsən, “Qaradağ Lökbatan”ın problemi nədi? Olmaya Lisenziyalaşdırma Qrupundan kluba müsbət cavab verilməməsi ruh düşkünlüyünə səbəb olub? Yoxsa başqa bilmədiyimiz məqamlar var?
“Futbol+“in əməkdaşı bu sualları “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevə ünvanlayıb, o isə qısa şəkildə bunları deyib: “Futbolda belə hallar olur. Ancaq hər şey bitməyib. Fikrimcə, son turu gözləməliyik. İndidən nəsə danışmaq istəmirəm. Mövsüm bitəndən sonra ətraflı söhbət edə bilərik”.
“Qaradağ“ sabah Tovuzda “Turan“ın qonağı olacaqsa, “Xəzər“ Bakıda «Zaqatala»nı qəbul edəcək. Debütant son turda «Şüvəlan»la səfərdə üz-üzə gələcək, QL da autsayder «Ağsu»nu evdə sınağa çəkəcək.
Sadıq Sadıqovun himayədarı olduğu klubun başbilənləri məhz «Şüvəlan»a ümidlidi. Aqil Nəbiyevin çalışdırdığı «karqoçular»ın «Xəzər»i büdrədəcəyini və onları yenidən zirvəyə qaytaracağını hesaba qatırlar.
Bildiyimizə görə, Həbib Ağayevin «Qaradağ»ın sükanı arxasından qovulmamasının səbəbi budu. Çünki o, «Xəzər»ə uduzduqları oyundan sonra rəhbərliyə yenə çempionluq sözü verib. Bu vədə isə futbolçuların özləri inanmır.
Meydana çıxan, bütün sualların cavabını bilən onlardı, ancaq görürsüz ki, qış fasiləsindən sonra komanda inanılmaz düşüş içindədi. Bunu təsadüf və bəxtsizliklə əlaqələndirlənlər yanılır. Ağayevə kollektiv içində böyük antipatiya formalaşıb. Qırmızı rəngli formanı geyinənlərin əksəriyyəti baş məşqçinin dəyişməsinə tərəfdardı.
Niyə də istəməsinlər? Vaxtilə «Neftçi»də Samir Əliyevlə Əsgər Abdullayevin ayağının altını qazmasıyla bilinən Ağayev «Qaradağ»da özünü alçaq dağların yaradıcısı kimi aparır. Oturub-durub bir qeyrisini bəyənməyən, nəzəri biliyinə və komputerindəki montaj proqramlarına arxalanan Həbib bəy futbolçularla elementar davranış qaydalarına məhəl qoymur.
Komanda qışadək əla sürət yığmışdı, sonra ona görə çöküşə keçdi ki, baş məşqçi əldə olunan nəticələri öz adına çıxdı. Məğlubiyyətlər sıralananda rəhbərliyin yanında özünü təmizə çıxarıb, oyunçuları ayağa verməsi ilə düzən pozuldu.
Onun kollektiv üzvlərinə rəqiblər haqda «Onlar kimdi ki? Çıxıb 3-4 dənə qol vurmasaz, futbolçu deyilsiz» söyləməsi həmkarlarının qulağına çatdı. Sən bir tərəfdən sərəncamındakıları pislə, bu tərəfdən də rəqibləri aşağıla - belə yerdə uğurun davamı gələ bilməzdi.
Ağayev vədini yerinə yetirməsə, yəni, QL çempion olmasa, heç şübhəsiz, Sadıq Sadıqov onu çağırıb başına tumar çəkməyəcək, qovacaq. Yəqin ki, yalnız klubdan deyil, ümumən futboldan.
SPORTİNFO.AZ

