Dünən AFFA Klublar Komitəsinin iclası keçirildi və AFFA-nın baş katibi Elxan Məmmədov da burda iştirak etdi.
Federasiya rəsmisi daha sonra növbəti mövsümdə I Diviziondan hansısa klubun Premyer Liqaya vəsiqə qazanması perspektivinə toxundu:
“Biz dəfələrlə demişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. UEFA-nın da bununla bağlı sərt qaydaları var.
10 klub tərəfindən bütün sənədlər təqdim olundu. Bəzi klublar sənədləşmə işini maksimum təmin etməyə çalışdı. Amma elə klublar da oldu ki, bu məsələyə qeyri-peşəkar yanaşdı.
Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirməsi məni məyus edir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, biz də risk edə bilmərik. Keçmişdə bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi.
Ancaq bu, elə də müsbət nəticə vermədi. Mövsümün gedişində bəzi klublar fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün çox vacibdi.
Əsasnaməyə uyğun olaraq Premyer Liqanı sonuncu yerdə bitirən komanda aşağı liqaya düşməlidi.
Lisenziyalaşdırma ilə bağlı sənədlərin təhlilini aparır və vəziyyəti görürük. Bir komandanın elitaya yüksəlmək ehtimalı var. Amma həmin klub ilk növbədə lisenziyalaşdırmanın şərtlərini təmin etməlidi.
Biz bu gün təkcə komandaya yox, kluba lisenziya veririk. Təəssüf ki, 1-ci diviziondakı yanaşma klub yox, komanda yanaşmasıdı. Bizə Premyer Liqada komanda yox, klub lazımdı”.
Şübhəsiz, Elxan Məmmədov bu açıqlama ilə üstüörtülü şəkildə «Xəzər»in bostanına daş atır. Debüt ilində I Divizionda liderliyə yüksələn və çempion olmağa ən real namizəd sayılan paytaxt təmsilçisi Premyer Liqaya iddiasını ortaya qoyub.
Hazırda media üzərindən «soyuq savaş» gedir. Qarşı tərəfin geri çəkilmədiyini görən AFFA rəhbərliyi özlərinə yaxın mətbuat orqanlarının vasitəsilə hücuma keçib,
Bizdə olan məlumata görə, «Xəzər»in elitaya buraxılması 50/50-yədi. Federasiyanın onlara qucaq açmadığını görən aşağı dəstə təmsilçisi daha üst instansiyalara müraciət edib.
Kifayət qədər güclü maliyyə dayaqlarına malik və lisenziyalaşdırma meyarlarını yerinə yetirməyə qadir «Xəzər»in məsələsi artıq Prezident Aparatında, o cümlədən, Gənclər və İdman Nazirliyində müzakirə olunur.
AFFA prezidenti Rövnəq Abdullayevlə vitse-prezidenti Elşad Nəsirov da məsələyə qarışıb.
SPORTİNFO.AZ

