I Divizion sıradan bir turnir deyil.
Buraları gözardı etmək yanlışdı. Və AFFA illərdi belə edir.
2011-ci ildən üzü bəri cəmi 2 klubun başına xoşbəxtlik quşu qonub. Biri «Araz-Naxçıvan»ın, biri «Səbail»in. Biri Vasif Talıbova, biri də Rövnəq Abdullayevin oğlu Rəşada görə.
Odu-budu, Premyer Liqanın qapıları digər klubların üzünə çırpılıb. «Xəzər» o qapını yarıyadək açmaq, heç olmasa, aralamaq istəyir, amma baxaq görək AFFA onlara nə cavab görəcək. Güman budu ki, bir bəhanə ilə başlarından edəcəklər.
Nə çox bəhanə? Hər halda bir şey tapacaqlar?
Klubun yeni yaranmasını, maliyyə mənbəyini, yaxud başqa nəyisə. Əsas niyyətdi. Federasiyanın fikri olsa, nehrədən pendir düzəldər. Yoxdusa, lisenziyalaşdırmanın meyarlarını əldə nizə edib, «Xəzər»in himayədarlarını futboldan qovacaqlar. İndiyədək məgər az şirkəti, iş adamını bu sahədən dərbədər salıblar? «Xəzər» də onlardan biri, növbəti qurbanı.
I Divizion klublarının yarıdan çoxu 2018/2019 mövsümündə Premyer Liqada iştirak üçün ərizə verməyib. AFFA Lisenziyalaşdırma Qrupunun yeni rəhbəri Sərxan Hacıyev deyib ki, elitaya yüksəlmək istəyən klubların dəqiq sayını söyləmək idman prinsiplərinə ziddi: “Bu üzdən, konkret rəqəm söyləyə bilmərəm. Hazırda aşağı dəstədə 10 klub çıxış edir. Lakin növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün ərizə verənlərin sayı 50 faizdən azdı”.
Onun sözlərinə görə, Premyer Liqa klublarının hamısı növbəti mövsümdə də elitada çıxış etmək üçün ərizə veriblər.
Hacıyev deyib ki, Premyer Liqada iştirak etmək üçün lisenziyaların verilməsi mayın ortasına təsadüf edəcək: “Hər il olduğu kimi, Premyer Liqanın başa çatmasına yaxın lisenziya alan klublar açıqlanacaq. Mövcud reqlamentə əsasən, elitanı 1 klub tərk edəcək və onu I Divizion təmsilçisi əvəzləyəcək. Premyer Liqa klublarının sayının 8-dən 10-a artırılmasına gəlincə, buna AFFA-nın İcraiyyə Komitəsi qərar verir. Bu yöndə qərar verilərsə, 10 klub da elitada çıxış edə bilər”.
Bu məsələdə Qurban Qurbanov son söz sahibi deyil. Amma bilirik ki, təsiri var və millinin yeni baş məşqçisi kimi işə başladığı gündən AFFA-dan tələb edib ki, say artımı olsun. O, güclülər dəstəsinin simasını minimum 12 klubun müəyyənləşdirməli olduğunu bildirib iki mövsümdü çempionat 8 komandayla keçirilir və təbii ki, Azərbaycan kimi Qafqazın lider ölkəsinə belə göstərici yaraşmır.
AFFA bu yay artıq çevriliş etməlidi. Durğunluğu aradan qaldıracaq rəqəmin 10 olacağını güman edirik. Divizion mənsublarının yarıdan çoxu güclülər dəstəsində yarışmaq üçün sənədtoplama kampaniyasına qoşulmayıbsa, təxmin etmək olar ki, onlar hansılardı. Təbii ki, AFFA vasitəsilə SOCAR-dan qidalananlar və dolayısı ilə neft şirkətinə bağlı olanlar.
«Xəzər» bu kəndirdən sallanmayıb. Eləcə də MOİK, «Şüvəlan», «Binə» və «Sabah». Sportinfo.az-ın məlumatına görə, «Xəzər»in elita üzü görmək ehtimalı hələlik 50 faizi keçmir. Federasiya debütantın önündə «qırmızı işıq» yandırmasa belə, başqa bir problem aranı qarışdıra bilər. Bu da 10-cu iştirakçının tapılması yönündə yaranan çətinlikdi.
MOİK və «Binə»nin sahiblərinin milyonluq klub saxlamağa gücü çatmır. «Binə»nin prezidenti Teymur Həsənli bir müddət əvvəl saytımıza verdiyi müsahibədə etiraf etmişdi ki, o, ən yaxşı halda 500 min manatından keçə bilər. Göstərilən məbləğ isə Premyer Liqa standartlarında qəpik-quruşdu.
Həsənlinin deməyi odu ki, yarım milyonu mən verirəm, pulun üstünü də AFFA düzəltsə, yarışa qoşulmaq olar. MOİK-in isə heç 300 mini də yoxdu. Belədə AFFA-nın nəyinə lazımdı ki, yayın istisində qalın geyinsin? Onsuz da, federasiyanı tər götürüb.
Vergilər naziri Mikayıl Cabbarovun kurasiyasında olan «Sabah»ın da sabahı nikbinlik vəd etmir. Divizionun üçüncü debütantı daha 1 il vaxt udmaq istəyir. Hazırlıqlı deyilllər. Büdcələri məhduddu, kənardan başqa cür görünsə də.
Futbolçusuna 100 manat mükafat verə bilməyən «Sabah» sırf bir komandadan ibarətdi, hələ təşkilatlanmayıb. Bir halda Premyer Liqada çıxış etmələri mümkündü ki, AFFA rəhbərliyi Cabbarovla görüşsün, onu dilə tutsun və «Sabah»ın infrastrukturla bağlı çatışmazlıqlarına göz yumsun, bir çox güzəştə getsin.
«Şüvəlan»a gəlincə, AZAL-ın bazasında yaradılan qəsəbə təmsilçisi ortalıqda qalıb. Pulu «Silk ay» ayırsa da, idarəçilik «Zirə» yönətimindədi. Bütün qərarlar onlar tərəfindən verilir. Zaur Axundov formal olaraq klub prezidentliyində saxlanılıb.
Əslində, onun şirkətdəki işləri də son vaxtlar yaxşı getmir. Yaxınlaradək şayiələr gəzirdi ki, daha yaxşı vəzifəyə təyinat alacaq. Bu gün isə ümumiyyətlə, işini itirəcəyi haqda məlumatlar yayılır. Şirkətdə audit yoxlamaları aparılır, əməkdaşlar aylardı əməkhaqqı almır.
Axundov sudan quru çıxsa belə, «Şüvəlan»ın idarəçiliyini «Zirə»dən geri istəməsi sonranın işidi. O, əvvəlcə özünün maliyyə vəziyyətini düzəltməlidi.
SPORTİNFO.AZ

