«Xəzər» aşağı dəstənin yeni atamanıdı. Elşad Əhmədov idman kostyumunun üzərində gözmunçuğu asmasa da olar,
Emin Abbasov asmalıdı amma.
Klubun üzdə olan rəsmilərindən heç biri onun qədər çalışmadı bu dönəmdə. Onlardan kimsə oyundan əvvəl və fasilədə hakimlər otağına girib-çıxmağı böyük qəhrəmanlıq hesab edirsə, komandanın da məhz bu dəstək sayəsində autsayderlikdən liderliyə yüksəldiyini gözə soxmaq məqsədi güdürsə, çox nahaq yerə.
Əhmədov papağını gböyə atmalıdı ki, onu bura gətirən şəxs sonadək arxasında dayandı, yarıyolda arxasından iş çevirmədi.
Bəziləri kimi.
Sabitlik və doğruları uyğulamaq «Xəzər»i dibdən zirvəyə daşıdı. Düzdü, mükafat fondu böyük deyil, amma əsas odu ki, bu, var və daim vaxtında verilir. Futbolçunun bir gözü maaşdadısa, bir gözü də mükafatdadı. Onu təri soyumamış alacağına əmindisə, çıxıb meydanda canını fəda edəcək.
Həm də ki, «Xəzər»in heyətini təcrübəsiz gənclər təşkil eləmir. Bir çoxunun Premyer Liqa keçmişi var və sözsüz, bu, bir çox çətin, həlledici məqamlarda Əhmədovun əlinə su tökdü. Bəxtiyar Soltanovu qeyd etsəm, yetər. «Bakı»nın yetirməsinin qış fasiləsində «Binə»dən alınması, deyərdim ki, çempionatın qədərini dəyişdi.
Sözün açığı, mənə çox maraqlı gəlir ki, Soltanov niyə ditviziondadı. Premyer Liqada «Qarabağ» və «Qəbələ» xaricində istənilən iştirakçının ocağını yandıracaq gücdədi hələ. Doğrudan da, divizion bataqlıqdı. Bura gələn bir də geri qayıtmır.
Arzu edək ki, «Xəzər» o batanlardan olmasın. Sezonun başa çatmasına 2 tur qalıb və debütant eyforiya dənizində soyuqdan donmasa, zirvəni təhvil verməyəcək. Bundan sonra ya qismət! Premyer Liqaya vəsiqə almaları ən çox Quba əhlini sevindirəcək.
Artıq bu gözəl şimal rayonunda futbol havası əsməyə başlayıb və hamı o günün ipini çəkir ki, AFFA bu izdivaca «hə» söyləsin. Xəbərin alındığı gün bayram da çevrilə bilər, yasa da. Allah eləsin, qanqaraçılıq yaranmasın, futbol Qubanı, Quba da «Xəzər»i qazansın.
Yüksək dəstədə daha bir region klubu olsa və həmin regionun futbol yanğılı insanları stadiona axışsa, övladları akademiyada top oyunun sirlərinə vaqe olsa, Rövnəq Abdullayev sevinməzmi?
İqtisadiyyatın bütün sahələri monopolistlərdən, brokerlərdən təmizlənib. Növbə hələ AFFA-ya, futbol təsərrüfatına çatmayıbmı?
MUSA

