"Çempionluğa çox yaxınıq» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər»in icraçı direktoru Emin Abbasov deyib.
Bu gün I Divizionda 25-ci tura start veriləcək.
Sabah isə turun bəlkə də ən prinsipial görüşü baş tutacaq. «Xəzər» Lökbatanda lider «Qaradağ»ın qonağı olacaq. Tərəfləri bir-birindən 2 xal ayırır. Debütant səfərdən qələbəylə dönsə, QL taxtdan salınacaq,
Abbasovu dinləyək: «Mövsümü ilk pillədə başa vura bilsək də, bilməsək də, mənə elə gəlir ki, biz qarşıya qoyduğumuz məqsədə çatmışıq. Nəticə baxımından ən pis halda üçlükdə olacağıq bu gedişlə.
Amma şəxsən mənim üçün ən asas məqam çox qısa zamanda öz dəsti-xətti olan, baxımlı futbol sərgiləyən komanda yaratmağımızdı.
Digər tərəfdən, klubda struktur formalaşıb. Yəni hər kəs dəqiq bilir ki, nə iş görməlidi, üzərinə hansı vəzifə düşür. Kənardan asan görünə bilər, lakin bir klubda sistemin oturması sıradan bir iş deyil».
Bölgə məsələsinə gəlincə, icraçı direktor bildirib ki, «Xəzər» hansısa əyalət klubunun davamçısı olmağı hədəfləməyib:
«Fikrimiz Premyer Liqaya yeni nəfəs gətirmək, hansısa yeni bir bölgəni bu mübarizəyə qoşmaqdı. Bu baxımdan Qubanı əlverişli saymaq olar.
Bu bölgədə futbola sevgi var, istedadlı uşaqlar kifayət qədərdi. İnfrastruktura əl gəzdirilsə, ortada problem qalmaz.
Amma bu, elə məsələdi ki, tələsmək olmaz. Ad çəkməyəcəm, amma bir neçə başqa variant da var, onları da nəzərdən keçiririk".

