I Divizionda debüt edən «Xəzər»in Premyer Liqaya iddiası məlumdu.
24 tura 44 xal toplayan və çempionluq şansı olan komandanın aqibəti əsasən AFFA-nın qərarından asılıdı.
Gələn mövsüm elitada çıxış eləməsələr, çətin ki, sponsorlar yeni yaranmış klubla bağlı ciddi işlər görsünlər.
Ruhdan düşəcəklər. İlk ildə əldə olunan uğurlu nəticə onlarda futbolda həvəs yaradıb və önlərində «yaşıl işıq» yandırılsa, hələ daha masştablı fəaliyyət göstərə bilərlər. Bir sözlə, AFFA-nın onlara münasibətindən, daha doğrusu, bürokratik əngəllərdən istifadə edib-etməməsindən çox şey asılıdı.
Paytaxt təmsilçisi lisenziya tələblərini yerinə yetirmək iqtidarındadı. Sənədlər qovluğu artıq federasiyaya ötürülüb. Qurum güclülər dəstəsində bölgə klublarının sayının artırılmasını istəyir ki, «Xəzər» rəhbərliyi də bu istiqamətdə aparılan siyasəti dəstəkləyir.
Dünən xəbər verdiyimiz kimi, aşağı legionun nümayəndəsi Qubaya köçməyə hazırlaşır. Hazırda bu şimal rayonunun şərəfini qoruyan «Şahdağ» Region Liqasında mübarizə aparır. «Şahdağ» yerli İcra Hakimiyyətinin və federasiyanın dəstəyi ilə yaradılıb, sadəcə, maddi imkanları çox aşağıdı.
Qubada futbol adına şərait var, lakin sponsorun olmaması üzündən bu sahəni inkişaf etdirə bilmir. «Xəzər»in himayədarları isə həm güvənli, həm də iddialıdı. Planları böyükdü.
AFFA klubun Premyer Liqada yarışmasına icazə versə, Quba futbol «bum»u yaşayacaq, qısa müddətdə müxtəlif işlər görüləcək. Baza və stadionla yanaşı, uşaq akademiyasının formalaşdırılmasına başlanacaq.
Olimpiya Kompleksinə köklü surətdə əl gəzdiriləcək, komanda gündəlik məşqlərini burda keçirəcək, yerli əhali arasında futbolun təbliğatı və təşviqatı aparılacaq.
"Xəzər"in icraçı direktoru Emin Abbasov mətbuata açıqlamasında xəbərimizi təsdiqləyib və belə bir variantın mümkünlüyünü istisna etməyib. Ancaq Abbasovun fikrincə, bu, elə də asan başa gələn iş deyil:
"Düzü, şəxsən mən də onun tərəfdarıyam ki, Premyer Liqamızda bölgə klublarının sayı indikindən daha çox olsun. Amma "Xəzər"in və ya digər paytaxt klubunun hər hansı bölgəni təmsil etməsi göründüyü qədər sadə proses deyil.
Bunun üçün həmin bölgədə infrastruktur və azarkeş potensialı olmalı, yerli icra orqanları da klubun inkişafına təkan verməlidilər. Eyni zamanda komanda elə çıxış etməlidi ki, həmin rayondakı azarkeşlər futbola yaxınlaşsınlar, pis nəticələrdən dolayı uzaqlaşmasınlar".
O, bu məsələdə AFFA-nın klublara istiqamət verməli olduğunu düşünür: "Bizim hədəfimiz elə ilk ilindəcə Premyer Liqada öz üslubu olan, ortabab komanda yaratmaqdır.
Təbii ki, klubumuz paytaxtı yox, hər hansı bir regionu təmsil etsə, daha yaxşı olar. Bu barədə klub rəhbərliyi olaraq, öz aramızda da fikir mübadiləsi aparmışıq. Mənə elə gəlir ki, bunu etmək mümkündü. Ancaq dediyim kimi, bu, elə də rahat həll olunası məsələ deyil.
Söhbət tək "Xəzər"dən getmir, Premyer Liqaya çıxmaq istəyən digər klublara da AFFA bu yöndə istiqamət verə bilər. Düşünürəm ki, yaxın 1 ay ərzində bütün suallara aydınlıq gələcək.Bölgəni təmsil etmək kimi bir niyyətimiz var. Müxtəlif variantlar üzərində götür-qoy edirik. Amma indidən dəqiq bölgə adı deməyim düz olmaz".
Sportinfo.az-ın məlumatına görə, Quba Olimpiya Kompleksinin rəhbərliyi AFFA-ya müraciət edib.
Belə ki, idman qurğusunun nəzdində fəaliyyət göstərən stadionun ot örtüyünün dəyişdirilməsinə köməklik göstərilməsi istənilib. Təbii qazon saxlamaq maddi cəhətdən komplenksin imkanı daxilində olmadığından, federasiyanın burda süni meydança salması xahiş olunub.
«Xəzər» Qubada məskunlaşsa, bu problem həllini tapacaq. Klub əsas meydançanı düzəltməklə yanaşı, yaxınlaqda yerləşən ərazidə 2 yardımçı salmağı öz üzərinə götürüb.
Nəyi pisdi ki? AFFA gərək bu fürsəti qaçırmasın. Rövnəq Abdullayev demirdi ki, heç bir iş adamı futbola pul xərcləmək istəmir? Var beləsi artıq! İndi federasiya buyursun, «Xəzər»in Premyer Liqaya yolunu açsın,
Bundan da yaxşı sponsor? AFFA bir əlində 10 klub saxlayır, sonra da şikayətlənir ki, SOCAR meydanda tək qalıb, digər şirkətlər, biznesmenlər bizdən yan qaçır. «ZZ Group» gəlib, icazə verin, futbola xidmət göstərsinlər.

