Yadıma gəlmir ki, nə vaxtsa paytaxtda keçirilən I Divizionun oyununa bu qədər adam gəlsin.
Əslində, heyətlərinə görə "Xəzər" ilə "Sabah" Premyer-liqa səviyyəsində olan komandalardı.
Hələ Antalyada olarkən, yenilənmiş "Xəzər"in oyununu çox bəyənmişdim. Bolqaristanın yüksək liqasında çıxış edən "Vereya"nı 2-1 hesabı ilə məğlub etdilər.
Həmin oyundan sonra bolqarların nümayəndəsi məndən təəcüblə soruşdu: "Bratko, uduzduğumuz birinci liq klubudusa, onda görəsən, sizin Premyer Liqanın səviyyəsi necədi?".
Elə bu gün da Elşad Əhmədovun komandası əla oyun sərgilədi. Müasir futbolun tələb etdiyi bütün komponentləri gördük. Komandanın necə deyərlər "risunoku" var. Üçüncü qol isə sadəcə olaraq, bir mini-şedevr idi.
"Sabah"a isə növbəti oyunlarda uğurlar arzu edirəm! Klub rəhbərliyində futbolu sevən adamlar təmsil olunub.
"Sabah" uzun yolun başlanğıcındadı. Bu yolda qələbələr da, acı məğlubiyyətlər da olacaq. Əsas odu ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarılsın.
Əslində, "İnter-Arena"da uduzan olmadı. Birinci divizion nə qədər güclü olsa, ölkə futbolu bir o qədər fayda görmüş olar.
Arzu edək ki, gələn mövsüm "Xəzər" ilə "Sabah" artıq 1-ci Divizionda deyil, Premyer Liqada rəqib olsun. 8 komandalı çempionatın duzu-istiotu yoxdu!
Erkin İbrahimov

