«Turan Tovuz»un Müşahidə Şurasının sədri OqtayAbdullayev və baş məşqçi Əsgər Abdullayev tutduqları postdan tezliklə uzaqlaşdırıla bilərlər.
Sportinfo.az-ın məlumatınra görə, hər iki şəxsin I Diviziondakı oyun «alqı-satqı»larında iştiraklarıyla bağlı ciddi şübhələ yaranıb və hazırda onlar araşdırılır.
Ötən mövsümü çempion bitirən, lakin lisenziyalaşdırma şərtlərini yerinə yetirə bilmədiyinə görə Premyer Liqaya buraxılmayan qərb təmsilçisi cari «futbol ili»ni aşağı səviyyədə keçirir.
Komanda qış fasiləsinə turnir cədvəlinin 5-ci pilləsində yollanıb. 13 turda 5 qələbə qazanan «Turan» eyni sayda məğlubiyyətə uğrayıb. 3 heç-heçəsi olan kollektiv cəmi 18 xal toplayıb.
AFFA və Peşəkar Futbol Liqasını şübhəyə salan «Turan»ın ilk 2 dövrədəki əksər oyunlarının bukmeyker kontorlarının diqqətini cəlb etməsidi.
Düzdü, O.Abdullayev bir müddət əvvəl verdiyi açıqlamada bəzi futbolçuların hərəkətlərindən barmağını dişlədiyini bildirmişdi, ancaq indi belə görünür ki, onlar bu işi təkbaşına eləməyiblər.
Sədrin 3 ay öncəki çıxışını yada salaq: “UEFA-dan gələn məktubdan xəbərim yoxdu. O məktub nə vaxt gəlib, hansı oyunlar “qara siyahı”ya düşüb, bunu deyə bilmərəm. Ancaq mən özüm artıq ikinci turdan sonra, daha dəqiq desəm, MOİK-lə qarşılaşmanın ertəsi AFFA-ya məktub göndərmişəm.
Orda bəzi futbolçulardan şübhələndiyimi, onları nəzarətdə saxlamağı xahiş etmişəm. Ad çəkməyəcəm, ancaq onların sayı 3 nəfərdi. Qoy aidiyyatı orqanlar bu işlə məşğul olsunlar. Nəyə görə sabah ortaya nəsə çıxanda klub rəhbəri kimi mənim də adım hallanmalıdı?
Günahları sübuta yetirilsə, layiqli cəzalarını alsınlar. Futbolumuzu haram tikə yeyənlərdən, azarkeşləri “idmanın şahı”ndan iyrəndirənlərdən təmizləmək lazımdı”.
Budu, AFFA və PFL «Turan»a «əl gəzdirməyə» hazırlaşır. Abdullayevlərlə yanaşı, rəhbərlikdə yer alan başqa bir şəxs də şübhə obyektidi. O.Abdullayevin klubla yanaşı, Veteranlar İttifaqının sədri postunu tutması federasiyanı ehtiyatlı tərpənməyə məcbur edir.
Yuxarı baxırlar bığdı, aşağı baxırlar saqqal. Onu hər iki posta AFFA-dan qoyublar. Sədri hansısa başqa bir adla vəziədən götürmək istəyirlər ki, rezonansı respublikanı bürüməsin. Sonra deyənlər çox olacaq ki, bəs bilmirdiz quzunu qurda tapşırmısız? Verməyə cavab yoxdu axı…
Bu yandan da «Turan»ın divizindan uzaqlaşdırılması müsibətdi. Tarixi klubdu, zəngin ənənəsi və keçmişi var. Həmçinin SOCAR/AFFA-dan maliyyələşir.
Aydındı ki, tovuzlu azarkeşlər istənilən halda doğma komandalarının yarışdan məhrum edilməsinə biganə qalmayacaq, etiraz səslərini ucaldacaqlar.

