
Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev gündəmi dəyişmək gücündə olan açıqlamalar verib.
Ölkə çempionaını təşkil edən qurumun bir nömrəli fiqurantı Antalyada mətbuat konfransı keçirib və hamını maraqlandıran cari məsələ/problemlər və gələcək planlar ətrafında kifayət qədər geniş danışıb, önəmli mesajlar verib, eyni zamanda, yaxınlarda baş verməsi gözlənilən bəzi hadisələri anons edib.
R.Musayevin toxunduğu mövzulardan biri I Divizionu əhatə edir. «Şərurspor» və «Rəvan» ötən mövsümün ikinci yarısında yarışdan kənarlaşdırıldı.
Yayda isə «Karvan», «Şahdağ», «Bakılı», «Göyçə», «Göyəzən» və «Energetik» danışılmış oyunlarda iştirak şübhəsinə qurban getdi. AFFA və PFL-in formalaşdırdığı komissiya adıçəkilən komandaların birincilikdə iştirakını önlədi.
UEFA son illər qeyri-leqal bukmeyker kontorların fəaliyyətinə diqqəti artırıb. AFFA rəsmiləri bununla bağlı İsveçrədən tez-tez serkuolyar məktublar gəldiyini bildirir. Onların sözlərinə görə, qurum qitə futbolunun «görünməyən üzü»nü araşdırır və «stavşiklər»lə mübarizəni sərtləşdirir.
Bu zaman AFFA-nın üzərinə düşən iş ölkə daxilində yaşanan bu kimi olayların izinə düşmək və tədbir görməkdi. Təbii ki, bütün siqnallardan UEFA-dan ötürülür.
Qitənin ali futbol təşkilatı otalizator şəbəkəsindən aldığı informasiyalar əsasında şübhəli oyunların siyahısını müəyyənləşdirir və onları adiyyatı üzrə yerli filiallarına istiqamətləndirir.
PFL şefinin bu gün Antalyada səsləndirdiyi fikirlərdən aydın oldu ki, çirkin oyunlara girişənlərə qarşı çox ciddi addımlar atılsa da, hələ də bu kirli yola baş qoşanlar var.
Sitat: “Xəzər” çox xoşuma gəldi. Orda iddialı komandalarımız var. Mənim üçün I divizion çox önəmlidi. İstərdim ki, şəxsi büdcəsi ilə maliyyələşən klublarımız daha çox olsun. Amma elə klubumuz var ki, deyir, çempionata sal, sonra şərtlərə cavab verərik. Bir-iki dəfə bu səhvə yol verdik, sonra peşman olduq. Buna yol verməmək üçün çempionata mövsümün sonuna qədər oynayacaq komandaları buraxırıq. Antalyada “Xəzər” rəhbərliyi ilə söhbətimiz oldu. Dedilər ki, gələ bilərik. Niyə də gəlməsinlər, biz də buna razıyıq. Onu da deyim ki, I divizionda növbəti çempionat tamam fərqli olacaq. Cari mövsüm başa çatana qədər daha 1-2 klub çempionatı tərk edə bilər. Artıq bəzilərinin izinə düşmüşük. Məlumatlarımız öz təsdiqini tapmaq üzrədi. Özü də elə klublardı ki, rəhbərləri böyük danışırlar».
Musayev heç bir komanda başbiləninin bostanına daş atmayıb. Oyun «alver»inə əl qoyanların «bazar»ına FFA və PFL nəzarət etmir: «stavşiklər»in hansı hoqqalardan çıxmasını hüquq-mühafizə orqanları incələyir.
Bütün rıçaqlar «sistem»in əlindədi, gözlərindən heç nə yayınmır, yayına da bilməz. PFL prezidenti artıq müəyyən bir bilgilərlə tanış olmasaydı, şübhəsiz, bu cür açıq mesajlar verməz, əvvəlkiək gözləmə zalına çəkilərdi. O, boşuna və boşluğa güllə atmaz.
Danışıb və deməli, «torbanın içindəki pişiklər» çox böyük olmalarına rəğmən, quyruq ələ veriblər. Kimlərdi?
Musayev ad çəkməyib, biz çəkək: «Turan Tovuz», MOİK və «Binə». Sözügedən klubların rəhbər şəxsləri barədə məlumatlar hələ 2-3 ay öncə mediaya sızmağa başlayıb və görünür bunlar heç də təsadüfi deyilmiş, hansısa çərçivədə reallığa söykənir.
«Qaradağ Lökbatan», «Ağsu», «Mil-Muğan» və «Sabah»ı da kənara atamayaq. Onlar da şübhəli dairəyə çox yaxındı. «Turan», MOİK və «Binə»dən fərqli, burda «alver»ə tamah salanların sıralarını sıravi fubolçular genişləndirir.
Qələmə aldıqlarımız ittiham və suçlama kimi anlaşılmasın. Bu, sadəcə, mətbuatda və futbol kluarlarında dolaşan şayiələr əsasında xəbər yüklü yazıdı.
Əlbəttə, son sözü yenə AFFA və PFL söyləyəcək. İkinci dövrənin startına az qalıb və yəqin ki, ilişən komandalar fevralın ikinci yarısınadək çempionatdan uzaqlaşdırılacaq. Gözdə-qulaqda olaq yenə.
SPORTİNFO.AZ

