I Liqada yarışan «Cəbrayıl»ın baş məşqçisi dəyişib.
Tarıq Qasımov komandanın sükanı arxasından uzaqlaşdırılıb.
Onun yerinə isə Elhad Nəziri gətirilib.
Sözügedən mütəxəssis Qarabağ bölgəsini təmsil edən kluba tanış birisidir. 2024/25-ci il mövsümündə kollektivi çalışdırıb.
2022-ci ildə yaradılan «Cəbrayıl» FK sahibini dəyişmək ərəfəsindədir. Bir müddət əvvəl başlayan danışıqlar artıq son fazadadır - tərəflər anlaşmaq üzrədir.
Son iki mövsümdə I Liqada mübarizə aparmış klubun iki təsisçisi var - Cavid Hüseynov və Şahin Məmmədov.
Hüseynov iyunda «Araz-Naxçıvan»ın baş məşqçi postuna təyinat alıbsa, Məmmədov ötən il «Zəngəzur»u yaradıb.
Qərbi Azərbaycan bölgəsini təmsil edən komanda finalda «Marafon»u 2:1 udaraq, Region Liqasının qalibi olub.
«Cəbrayıl» bu ilin yanvarından ciddi maliyyə çatışmazlığından əziyyət çəkir.
Həmin tarixdən bəri qarabağlılara yalnız Ceyhun Abbasov yardım əlini uzadıb. «Avrora»nın sahibi mayın sonunadək kluba maddi dəstək verib - hər ay 2000 manat civarında.
Artıq bu inanə də kəsilib və «Cəbrayıl»ın həyatda qalmağı yalnız AFFA-nın ayırdığı vəsaitdən asılıdır. Mövcud durumda yeni sponsorun ortaya çıxması göydəndüşmədir.
Potensial namizəd Rusiyada yaşayan azərbaycanlı iş adamıdır. Tərəflər arasında vasitəçilik edən isə tanınmış futbol funksioneridir.
«Cəbrayıl»ın satış qiyməti ilk vaxtlar 1 milyon manat olaraq göstərilirdisə, indi bu rəqəm 600 min manata qədər düşüb.
Güman ki, 600 min də son qiymət olmayacaq, yenə bir qədər aşağı salınacaq. Hər halda hazırkı təsisçilər qapını döyən sponsorla əl sıxışmağa çox həvəslidir.
SPORTİNFO.AZ

