"Premyer Liqaya vəsiqə qazanmaq üçün 1 milyon manat tələb olunur"

7 Fevral 19:40 I Divizion 1 173
"Premyer Liqaya vəsiqə qazanmaq üçün 1 milyon manat tələb olunur"

"Bu ideyanı ikiəlli dəstəkləyirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın Müşahidə Şurasının üzvü Musa Qurbanov deyib.

Bilindiyi kimi, "Zaqatala" PFK “Biznes klub” layihəsinə cəlb olunub. Futbolun İnkişaf Fondunun (FİF) bu çərçivədə növbəti görüşünün vaxtı müəyyənləşib.

Tədbir I Liqanın XV turunda fevralın 21-də keçiriləcək “Zaqatala” – “İmişli” oyunu ərəfəsində təşkil olunacaq.

Fevralın 20-də və ya qarşılaşmanın oynanılacağı gün məhz Zaqatalada tədbirin əsas hissəsi baş tutacaq. Həmin görüşdə “Biznes klub” layihəsinin iştirakçıları bəlli olacaq.

Yanvarın 19-da “Biznes klub”un təqdimatı keçirilib. Bu layihə “Zaqatala“ya iki istiqamət üzrə əlavə vəsait qazandıracaq.

Bunlardan biri ayrı-ayrı fiziki şəxslərin klubun üzvlüyünə qəbul olunmasıdır. Fərd “Zaqatala“ya aylıq 500-1000 manat civarında ödəmə edəcək.

FİF tərəfindən prosesə cəlb edilən şəxslərin sayı hazırda 10-dur. Onlardan biri də “Qarabağ“ın baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovdur.

Futbolun İnkişaf Fondunun əyalət təmsilçisini sevindirən digər addımı sponsor məsələsində rea addım atmasıdır.

Belə ki, ölkə ərazisində fəaliyyət göstərən “Oba“ mağazalar şəbəkəsi “Zaqatala“ ilə işbirliyinə müsbət yanaşıb.

Qarşıdaık günlərdə sözügedən brendlə əməkdaşlığa dair müqavilə imzalanması nəzərdə tutulub. Bu tərəfdaşlıq I Liqanın iştirakçısına hər ay 4000-5000 manat qazanc gətirəcək.

M.Qurbanov bildirib ki, FİF-in atdığı son addımlar "Zaqatala"nın dirçəlməsinə səbəb ola bilər:

"Əslində, belə bir təşəbbüsə çoxdan ehtiyac yaranmışdı. Futbolun İnkişaf Fondunun kluba yeni sponsorların cəlb olunması istiqamətində necə fəal işlədiyini bilirəm.

Həqiqətən bu işə ürəklə girişiblər. Artıq müəyyən nəticələr də əldə ediblər.

Bütün bunlar yaxınlarda açıqlanacaq. Mən nəvaxtdır deyirəm ki, AFFA tərəfindən ayrılan 300 min manatla normal klub yaratmaq, Birinci Liqada yaxşı çıxış etmək qeyri-mümkündür.

Bunun üçün azı 600-700 min manat lazımdır. Mən hələ minimum rəqəmi deyirəm.

Uşaq futbolunu inkişaf etdirmək, stadion, baza və digər xərcləri qarşılamaq, Premyer Liqaya vəsiqə qazanmaq üçün 1 milyon manat tələb olunur.

FİF-in köməyi ilə klubun bir sıra problemlərinin öz həllini tapacağına inanıram. Birinci Liqada bu qədər xərci çəkmək bir nəfərin işi deyil.

Əlavə dəstəkçilər olmalıdır və onların hər biri müəyyən qədər vəsait ayırsa, yaxşı işlər görmək olar".

Digər Xəbərlər
Xəbər Lenti