COP29

Yararsız legionerləri Azərbaycana gətirən klubları tanıyın - SİYAHI

17 Yanvar 22:20 I Divizion 3 396
Yararsız legionerləri Azərbaycana gətirən klubları tanıyın - SİYAHI

Ötən mövsümün sonu Premyer Liqanın sonuncu pilləsini tutan “Şamaxı” aşağı liqaya yuvarlandı.

Bu, uzun müddətdən sonra ilk dəfə reqlamentin əyani həyata keçməsinin tərənnümü idi.

Nəhayət, bizdə də reqlament kağız üzərində yox, əməli icrada əksini tapdı.

Təbii ki, belədə Birinci Liqaya olan maraq da birə beş artmış oldu.

Hətta bəzi klublar tələm-tələsik əcnəbi futbolçuların ölkəmizə ixracına belə başladı.

Sanki yaxşı komanda olmağın, qısa müddətdə uğurlu çıxış etməyin yeganə yolu budur.

Əbəs deyil ki, bu gün Birinci Liqada 20-yə yaxın legioner çıxış edir.

Bu sayda əcnəbi 5 klubun payına düşür.

Söhbət “İmişli”, “Karvan”, “Zaqatala”, “Araz Saatlı” və “İrəvan”dan gedir.

Qış fasiləsində sayın artacağı da gözləniləndir.

Normalda həmin gəlmələrin axın etdiyi klublar bu gün ilk pillələrdə lövbər salmalı idi.

Amma sıralamaya baxanda tam fərqli mənzərə ilə üz-üzə qalırıq.

İlk üçlükdə qərarlaşan kollektivlər yalnız yerli futbolçuların bacarıqlarına bel bağlayanlardı.

Bunlar “Qaradağ Lökbatan”, MOİK və “Şamaxı”dır.

Yalnız “Mingəçevir” bir qədər axsayır. Bu kollektiv turnir cədvəlində 8-ci pillədə qərarlaşır.

Yuxarıdakı statistika növbəti dəfə göstərmiş olur ki, legionerlərlə bağlı məsələdə 100 ölçüb 1 biçmək şərtdir.

Çünki əcnəbi yerli futbolçudan minimum bir baş üstün olmalıdır. Legioner xatirinə legioner yığıb gətirmək sonda heç bir fayda verməyəcək.

Əgər bu gün ilk üçlükdə yer alan kollektivlər yalnız azərbaycanlı uşaqlarla uğur qazana bilirsə, deməli ən azı aşağı liqa üçün materialımız var.

“Yerli futbolçu yoxdu” – deyib, hay-həşir salmaq yox, onları tapıb, bir araya gətirmək lazımdır.

Düzdü, kimsə deyə bilər ki, futbol kollektiv oyundur. Biz də bundan agahıq, amma bizim Birinci Liqanın səviyyəsi də elədir ki, əgər sənin gətirdiyin 3-4 legioner normal səviyyədə olsa (Söhbət liqadakı yerli futbolçularla müqayisədə olan səviyyədən gedir), çox da çətinlik yaşamadan liderlər qrupunda yer almaq olar.

Premyer Liqada qalmaq üçün də əcnəbi futbolçuya ehtiyac var. Elitada rəqabət böyükdür. Lakin aşağı liqada əcnəbi futbolçu gətirirsənsə, sənin iddiaların mütləq böyük olmalıdır.

Əksi birmənalı olaraq həmin gəlmələrin yararsızlığını göstərmiş olur.

Qarşıda daha iki dövrə bizi gözləyir.

Deməli, mənzərəni dəyişmək üçün hələ zaman var.

Amma həmin zaman kimin xeyrinə işləyəcək? Buna mövsümün sonu mütləq cavab verəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti