Birinci Divizionda mübarizə aparan “İmişli”nin doğma meydana dönüşü azarkeşlərin sevincinə səbəb olub.
Bölgə təmsilçisi mövsümün startından aprelin 12-nə qədər ev oyunlarını Saatlıdakı OİK stadionunda keçirirdisə, artıq doğma məkana – İmişlidəki Heydər Əliyev adına stadiona qayıdıb.
“İmişli”nin hər ev oyunu imişlilər üçün bayramdır. Odur ki, yerli futbolsevərlər rekord qırır.
Ruhid Usubovun çalışdırdığı komandanın oyununu canlı izləmək üçün “İmişli”nin son 3 ev matçında stadiona 11300 azarkeş təşrif buyurub.
“Qarabağ-2” ilə görüşü 4300, “Kəpəz-2” ilə qarşılaşmanı 2500, “Zirə-2” ilə dueli 4500 nəfər izləyib.
Bu, 3 oyunda üst-üstə 11300 nəfər edir.
Divizion bir tərəfə, hətta Premyer Liqada belə, hansısa komandanın ardıcıl 3 ev matçında bu qədər azarkeş topladığını iddia etmək çətindir. Olsa-olsa “Turan Tovuz”da olar, digərlərində mümkün deyil.
HƏBİB / SPORTİNFO.AZ