Azərbaycanda bir klubun dərdi - Köhnə və heç kimin yaşamadığı ev...

17 May 2023 01:50 I Divizion 728
Azərbaycanda bir klubun dərdi - Köhnə və heç kimin yaşamadığı ev...

AFFA-nın Lisenziya Komissiyasının Premyer Liqada iştirak üçün lisenziya vermədiyi Birinci Divizion klublarından biri də "İmişli” oldu.

Azərbaycanda futbol ənənəsinə sahib olan klubun bu mövsüm Premyer Liqada iştirak etmək istəyi reallaşmadı.

Bəs lisenziya tələblərinə cavab verməyən bölgə təmsilçisinin hansı problemləri qabardılıb və klub rəhbərliyinə məlumat verilib?

Sportinfo.az xəbər verir ki, "İmişli”nin idarə heyətinin rəhbəri Aqşin Mürsəlov qaynarinfo-ya açıqlamasında sualları cavablandırıb.

"Keçən il olduğu kimi, bu dəfə də lisenziya üçün AFFA-ya müraciət etmişdik. Əslində, bu müraciət nöqsanları aradan qaldırmaq üçündür. Yəni Premyer Liqaya hazırlıq məqsədi daşıyır. Hansı çatışmazlıqlar varsa, onu aradan qaldırmalıyıq. Bilirdik ki, Premyer Liqa üçün tam hazır deyilik. Nəyin üzərində işləməli, hansı problemləri aradan qaldırmalı olduğumuz haqda bizə ətraflı izahat verdilər”.

Klub rəsmisi AFFA-nın onları hansı çatışmazlıqlarla bağlı məlumatlandırdığını da bildirdi:

"Qabardılan əsas məsələ maliyyə, sponsor tapmaqla bağlı idi. Kadrlar olmalı, uşaq futbolu ilə bağlı məsələlər yoluna qoyulmalıdır. Uşaq futbolumuz da var, sadəcə, daha geniş şəkildə olmalıdır. Bunları bizə yazılı formada bildiriblər. Strategiyamıza əlavə və düzəlişlər edəcəyik. Gələn il üçün onları da aradan qaldırardıq. Sponsor tapmaq Birinci Divizion komandaları üçün çətindir. Bunun üzərində də işlər gedir. İnfrastrukturla bağlı hər şey normallaşıb. Bildiyiniz kimi, əvvəllər ev oyunlarımızı Saatlıda keçirirdik. Çempionatın sonlarına yaxın öz meydançamızın ot örtüyünü düzəldə bildik. İddialarımız gələn il daha əsaslı olacaq. Düşünürəm ki, növbəti ildə müraciətimizə müsbət cavab verə biləcəklər. Çünki nöqsanları aradan qaldırıb müraciət ünvanlayacağıq. Çalışacağıq, uşaq futbolu, infrastruktur və kadr məsələlərini həll edək. Kadrlar üçün maliyyə lazımdır. Premyer Liqada bu, tələb olunur. Hazırkı vəsaitlə onları təmin etmək mümkün deyil. Düzü, "Zaqatala” və "Araz Naxçıvan”ın lisenziya alması bizim üçün motivasiya oldu. Sevindirici xəbərdir, məncə, İmişli və digər regionlarımızın da buna haqqı çatır. Deməli, yaxşı işləyib lisenziya almaq olar. Ancaq lisenziya almaq o komandanın mütləq Premyer Liqada iştirak edəcəyi demək deyil. Lisenziya sadəcə, Premyer Liqada iştirak üçün hazır olmaq anlamındadır. Çempionatda birinci yeri tutandan sonra buna baxılacaq”.
Ətraflı

Bölgə təmsilçisinin rəhbəri akademiya qurmaq istədiklərini də nəzərə çatdırdı:

"Aşağı yaş qruplarından ibarət komandalarımız var. Amma Premyer Liqada daha çox tələb edilir. Üstəlik qız futbolu da olmalıdır. Əslində, Birinci Divizionun tələblərinə görə çox iş görmüşük. Hazırda AFFA-nın aşağı yaş qruplarından ibarət çempionatlarında iştirak edən 5 komandamız var. Lakin lisenziya almaq üçün kriteriyaları tam doldura bilməmişik və bunların üzərində işləyirik. Məqsədimiz akademiya qurmaqdır. Vacib olan məsələlərdəndir. İmişli mərkəzi zona sayılır və bir neçə rayonu əhatə edir. Amma futbolumuz o deyil. Hansı ki, bu zonadan yaxşı futbolçular çıxıb. Məsələn, Bəhlul Mustafazadəni göstərmək olar. Emin Mahmudovun əsli Saatlıdandır. Ramil Şeydayev kürdəmirlidir. Milli səviyyəsində oynayan futbolçular bu zonadan çıxıbsa, deməli, potensial var. Yenə də futbolçu yetişməlidir. Akademiyanı qura bilsək, gənclərə yol açarıq. Necə ki, "Qəbələ” uzun zaman əvvəl bu işi gördü və hazırda Premyer Liqada normal nəticələri var. Hansı kluba baxsaq, yetirmələrini görərik”.

Mürsəlov İmişlidəki stadionu köhnə və heç kimin yaşamadığı evə bənzətdi:

"Stadionumuz çox yüksək səviyyədə tikilib. Sadəcə, uzun müddət İmişlidə futbol olmayıb deyə, baxımsız vəziyyətə düşüb. Maraqlı şəxslər də olmayıb ki, meydançaya baxsınlar. Düşünün ki, köhnə bir evdir, heç kim yaşamır. Yaşadıqca, çatışmazlıqları yavaş-yavaş düzəldirsən. Stadionumuzun 8 minə yaxın tamaşaçı tutumu var. Son oyunlarımızda 5 minə yaxın adam gəlmişdi. Əsl futbol ab-havası vardı, ləzzət edirdi. Futbolun gözəlliyi elə azarkeşlərdir. Özüm də futbol oynamışam deyə bu hiss və həyəcanın nə olduğunu yaxşı başa düşürəm. Futbol idmanın şahıdır. Bizim regionlarda isə bir qədər kölgədə qalıb. İnşallah, dirçəltmək üçün çalışırıq. Siz də işıqlandırdığınız üçün çox sağ olun”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!