"Camaata nə cavab verim? Əgər bu il də… " - KLUB PREZİDENTİ

6 May 2023 13:00 I Divizion 2 538
"Camaata nə cavab verim? Əgər bu il də… " - KLUB PREZİDENTİ

«Əgər bu il normal vəsait ayrılmasa, mən adımı klubun üzərindən götürəcəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizion təmsilçisi növbəti mövsüm Premyer Liqa sıralarına qoşulmaq iddiasındadır.

Şimal əyalətinin klubu bununla bağlı müvafiq sənədləri toplayaraq, federasiyaya təqdim edib.

Əgər qurum elitada iştirakçı sayını artırmasa, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı 2015-ci ildən rəhbərlik etdiyi «Zaqatala» ilə vidalaşacaq.

M.Qurbanov Zaqatala əhalisinin doğma rayonun komandasını Premyer Liqada görmək istədiyini, onların bu arzusu reallaşmasa, işləməyin mənasız olduğunu bildirib:

«2015-ci ildən Divizionda çıxış edirik. Hər mövsümün əvvəlində bizə ümid veriblər ki, gələn yay Premyer Liqada oynayacaqsız, narahat olmayın.

Mövsümün axırı gəlib, sənədlərimizi hazırlayıb təqdim elmişik, bizə deyiblər ki, bu il alınmadı, gözləyin. Ümid verə-verə biz 8 ildir Divizionda saxlayıblar.

İndi də sənədləri toplayıb AFFA-ya təqdim eləmişik. Açığı, bu gün heç vaxt olmadığı qədər inanıram ki, «Zaqatala» gələn mövsümü Premyer Liqada keçirəcək.

Nəsə içimdə belə bir hiss var. Maliyyə öhdəliyindən başqa bütün sənədlərimiz qaydasındadır.

Həmişə demişəm, sponsor məsələsini həll eləmək gücümüz daxilində deyil. bu işi ancaq AFFA görə bilər. Dövlət bu mövsümdən etibarən bütün Premyer Liqa klublarına yardım ayırıb.

AFFA «Zaqatala»nı Premyer Liqaya buraxsa, vəsait problemi olmayacaq. Deməyim odur ki, burada hər şey AFFA-nın qərarından asılıdır.

Divizionda qalıb işləməyin artıq bir mənasını görmürəm. Bu mövsüm «Zaqatala»ya cəmi 200 min manat ayrılıb.

Halbuki bundan iki dəfə artıq büdcənin ayrılacağını demişdilər. Klubun o qədər əlavə xərci çıxır ki…

Hər dəfə Zaqatalaya gedəndə məndən soruşurlar ki, nə vaxt Premyer Liqada oynayacağıq? Camaata nə cavab verim?

AFFA Zaqatalanın futbol rayonu olmasını nəzərə almalıdır. İnfrastruktur və şərait baxımından, «Zaqatala»nın rəqibi azdır.

Burada futbolun inkişafı üçün hər cür imkan var. Bircə o lazımdır ki, AFFA desin, gəlin Premyer Liqaya».

Digər Xəbərlər
Xəbər Lenti