Futbolun bəzəyi azarkeşlərdi. Koronovirusun tuğyan etdiyi dönəmlər azarkeşsiz keçirilən dünya nəhənglərinin matçları belə əvvəlki dadını-duzunu itirmişdi.
Ölkəmizdə də bir çox futbol klubları onun bəzəyinə həsrətdir.
Təəssüf ki, belələri arasında Premyer Liqa klublarımız da var. Amma bu dəfə sizə birinci diviziondakı azarkeş marağ(sızlığ)ından danışacam.
Onsuz da bu yarışın ciddiyəti futbol "başbilənlərimizin" qərarları sayəsində illərdi sıfıra düşüb. Amma azarkeş qayğısının bu qədər dibə enəcəyini düşünməzdim.
Təsəvvür edin ki, cəmi 40 azarkeşin izlədiyi matçlar olur. Məsələn, son turun "Zirə" - "Neftçi-2" oyunu kimi.
Elə əsas heyətdə meydana çıxan hər futbbolçunun ailə üzvündən, qohumundan, dostundan cəmi 2 nəfər matçı izləmək üçün arenaya gəlsə, bu 44 nəfər deməkdir. Deməli, birinci divizionda əksər oyunlar heç futbolçuların belə yaxınlarına maraqlı deyil.
Son tur demişkən...
26-cı tur çərçivəsində 6 oyun keçirilib. "Kəpəz-2" - "Qarabağ-2" oyunu təxirə salınıb.
6 oyuna üst-üstə 970 azarkeş gəlib. Onun da yarıdan çoxu - 500-ü Naxçıvan təmsilçisinin payına düşür.
200 nəfər "Şamaxı-2", 100 tərəfdar isə "Turan-2" üçün stadionun yolunu tutub. "Sumqayıt-2"nin ev oyunu 60 nəfər, "Qəbələ-2"nin ev matçı isə 70 nəfər üçün maraqlı olub.
Söhbət Premyer Liqadan sonra Azərbaycan futbolunun ikinci dərəcəli yarışı hesab olunan peşəkar çempionatdan gedir.
Acınacaqlı mənzərə adamı dərin düşüncələrə qərq edir. Kaşki cavabdeh olan qurumlar da bunu dərk etsəydi...
XANOĞLAN / SPORTİNFO.AZ

