«Təbii ki, əgər AFFA klubumuzu Premyer Liqaya buraxarsa,infrastruktur meyarı olaraq, bir çox işlər görüləcək».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun müavini Sakit Rzayev deyib.
Yerli futbol qurumunun nümayəndəsi bildirib ki, «Araz Naxçıvan» AFFA-nın irəli sürdüyü şərtləri yerinə yetirməyə hazırdır. O, öhdəliklər barədə bunları söyləyib:
«Əsas ot örtüyünün dəyişdirilməsidir. Artıq müxtəlif şirkətlərlə danışıqlar aparmışıq. Hansı şirkətlə işləyəcəyimizə hələ tam qərar verilməyib.
Həmçinin stadionda yeni «sky-box»ların qurulması planda var. Media nümayəndələri üçün yerin ayrılması və düzəldilməsi də bura daxildir.
Gələn bütün qonaqlar hər cür şəraitlə təmin olunacaq. Çəkiliş platforması yaradılacaq. Biri var, ikisi də tezliklə quraşdırılacaq.
Görüləcək işlərin eskizləri hazırdır, bu yaxınlarda işə başlanacaq.
I Divizionda son turun oyunu mayın 23-də keçiriləcək. Premyer Liqaya buraxılsaq, o tarixdən sonra bu işlərin hamısını qısma müddətdə görüb qurtarmağa çalışacağıq.
Stadionun tam hazır vəziyyətə gətirilməsi bizim üçün çətin məsələ deyil. Belə götürsək, orada böyük iş yoxdur. Bunun üçün bizə iki ay bəsdir».

