Azərbaycan futbolunda Premyer Liqadan sonra ikinci dərəcəli yarış birinci diviziondu.
Bu yarışın futbolumuza verdiyi fayda isə elə dərəcəsi qədər “2-yə” bərabərdir.
Çünki oradan nə milli komandalarımıza, nə də Premyer Liqa təmsilçilərinə yüksələn bir kimsə yoxdur.
Bu, nə bu gün belədir, nə də dünən. Acınacaqlı proses illərdi davam edir.
Futbolçu yoxdur? Təbii ki, var. Sadəcə yarış elə əsaslar, elə ciddiyət(sizlik)lə keçirilir ki, dönüb bir gözünün ucu ilə də ora baxan yoxdur.
Olsaydı, bəzi istedadlar kölgədə qalmazdı.
Məsələn, Roini İsmayılov kimi.
28 yaşlı futbolçu “Zaqatala”nın şərəfin qoruyur. Həm də sərasər 7 ildi. Yəni 21 yaşından. Ona kimi isə Premyer Liqada “Simurq”un şərəfin qoruyub.
Ölkə kubokunda yüksək liqa komandalarına qarşı oyunda da İsmayılov daim öz bacarığını ortaya qoymağı bacarıb.
Oyunu ilə diqqətdən kənarda qalan futbolçu baxımlı qolları ilə tez-tez hamını ondan danışmağa vadar edir.
Açığı, bu barədə bir az da onun özü ilə dərtləşmək istədik. Lakin diqqətsizlikdən incikliyi açıq sezilən təcrübəli orta xətt oyunçusu israrımıza rəğmən danışmaqdan imtina etdi.
Roini danışdıra bilməsək də, onun “danışan” qollarını sizə təqdim edirik. Aşağıdakı linkə daxil olaraq futbolçunun xüsusi bacarığı ilə yaxından tanış ola bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

