Son aylar Azərbaycan futbolunda bölgələr adına xoş xəbərlər tez-tez alırıq.
Ötən yay Tovuz və Gəncənin təmsilçiləri Premyer Liqaya buraxıldı.
İmişli və Mingəçevirin eyni adlı komandaları birinci divizionda iştirak hüququ əldə etdilər.
Ötən gün isə bölgə futbolu adına daha bir xoş xəbər aldıq.
Belə ki, uzun müddətdən sonra “İmişli” komandası ev oyununu doğma rayonun mərkəzi stadionunda keçirdi.
Buna kimi Ruhid Usubovun yetirmələri rəqiblərini Saatlı Olimpiya İdman Kompleksinin stadionunda qonaq edirdi.
Acınacaqlı vəziyyətdə olan İmişli şəhər stadionuna rəhbərlik öz hesabına müəyyən əl gəzdirərək Peşəkar Futbol Liqasının burada oyun keçirməyə icazə verməsinə nail olmuşdu.
Əslində 21-ci əsrdə uzun aradan sonra Gəncəyə, Tovuza böyük futbolun qayıtması kimi, “İmişli”linin ev oyunlarını da doğma meydanda keçirməsi kiçik hadisələr sayılmalıdır.
Normal futbolumuz, normal idarəçiləmiz olsaydı, indi bu rayonlardan daha böyük hadisələrdən danışa bilərdik.
Amma yenə də böyük hadisələrdən tam kasad deyilik.
Yerli futbol adamlarının sayəsində. Futbola “ac” olan futbolsevərlər kiçik hadisələrə belə böyük reaksiya verməyi bacarırlar.
Təsəvvür edin ki, “İmişli” birinci divizionun sonuncu pillələrində qərar tutur. Rəqib isə “Qarabağ” yox, onların əvəzedici heyətidir. Və onların da turnir cədvəlində durumu bölgə klubundan heç də fərqli deyil – qonşu pillələrdədilər.
Nəticəsinin də heç bir ciddi əhəmiyyət kəsb etmədiyi qarşılaşmaya görə, tribunlara 4300 nəfər tərəfdar cəm olmuşdu.
Bu, çox böyük dəstəkdir. Həm də kiçik hadisəyə verilən böyük dəstək. Buna görə, imişlili futbolsevərlərə alqış düşür.
Ümid edək ki, böyük addımlarına layiq böyüki hadisələr də tezliklə doğma komandalarının timsalında onların qarşısına çıxar. Axı onlar bunu haqq edir.
XANOĞLAN İMANOV

