Gələn mövsüm I Divizionda yarışmaq arzusuyla AFFA-nın qapısını döyən komandalardan biri də «Şirvanovka»dır.
Qusarın eyniadlı kəndinin təmsilçisi Region Liqasında dördüncü mövsümünü keçirir və burada yaşadığı təcrübəni bəs hesab edərək, federasiyaya müraciət ünvanlayıb.
Təqdim etdiyimiz məkan Şirvanovkada yerləşir. Kamran Nurəhmədovun çalışdırdığı kollektiv ev oyunlarını burada keçirir.
Kadrlara baxın və özünüz qiymət verin: buranı stadion adlandırmaq olarmı? Belə meydançada nəinki I Divizion oyunlarını qəbul eləmək, heç həvəskarların yarışına yer vermək olmaz.
Təhlükəlidir! İnanılmaz dərəcədə təhlükəlidir!
Fərqinə varın. Ota həsrət sahə, ucuq-sökük texnik zona, üfunət qoxuyan hakimlər və paltardəyişmə otaqlar, sınıq-salxaq oturacaqlar…
Baxın da, baxın! Baxın və görün ki, AFFA-nın diqqətindən kənarda saxladığı stadion nə vəziyyətdədir.
Federasiyada mənsəb sahibləri hansısa vəzifəli adamlara xoş gəlmək üçün onların bağ evlərinə pulsuz qazon salır, meydança düzəldir.
Barı, zəhmət çəksinlər, bircə dəfə də Şirvanovkaya təşrif buyursunlar, buranı öz gözləriylə görsünlər. İnsaf da yaxşı şeydir, futbolla yaşayan kənd belə etinasız münasibətə layiq deyil.
Şirvanovkanın fədakar insanları top oyununun ənənələrini yaşatmaqdan ötrü dəridən-qabıqdan çıxır. Gücləri nəyə çatıbsa, ediblər.
Yerli camaata, futbolsevərlərə «sağ ol» düşür ki, məhdud imkanlarla bu xırda-para şəraiti futbol üçün qurublar.
Vallah, heç əksər rayonların, kəndlərin özündə bunu eləmirlər. AFFA, heç olmasa, bircə dəfə həqiqi futbol zəhmətkeşlərinə münasibətdə düzgün davransın.
İllik büdcəsi on milyonlarla manat təşkil edən federasiya üçün nə çətin işdir Şirvanovka əhalisini sevindirmək? Qorxmasınlar, yel qayadan heç nə aparmaz.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

