Elxan Məmmədovun Zaqatala səfərindən MÜJDƏ var - Qurbanov “Sportinfo”ya danışdı

17 Noyabr 2021 10:40 I Divizion 2 738
Elxan Məmmədovun Zaqatala səfərindən MÜJDƏ var - Qurbanov “Sportinfo”ya danışdı

Son dövrlər bölgələrə səfərləri ilə diqqət çəkən Elxan Məmmədovun növbəti dayanacağı Zaqatala olub.

AFFA-nın icraçı vitse-prezidenti şimal-qərb zonasına səfər edərək icra başçısı Mübariz Əhmədzadə və şəhərin eyniadlı komandasının İdarə Heyətinin sədri Musa Qurbanovla söhbətləşib, gənc və yeniyetmə futbolçularla görüşərək onlara hədiyyələr verib.

Ölkə futbolunun strategiyasına birbaşa cavabdehlik daşıyan Məmmədovun Zaqatala səfərinin arxasında mütləq ki, nələrsə dayanır.

Çox güman, yerli şəraitlə tanış olmaq, yaxın gələcəkdə böyük futbolu bölgəyə daşımağın mümkünlüyünü götür-qoy etmək olub niyyəti.

Ehtimallar öz yerində. Ən doğrusunu görüşün canlı iştirakçılarından biri ilə söhbətdə öyrənmək olardı ki, belədə, Musa Qurbanovla əlaqə saxlamağı lazım bildik.

Zaqatala futbolunun məşhur simalarından biri Sportinfo.az-a açıqlamasında görüşün detalları haqda məlumat verdi:

“Əsasən təbliğat xarakterli görüş oldu deyə bilərəm. Məqsəd Zaqataladakı durumla yerində tanış olmaq, gənc və yeniyetmə futbolçularla söhbət etmək idi. Yekunda uşaqlara hədiyyələr təqdim olundu.

Zaqatala futbolunun keçmişi haqda uşaqlara məlumat verildi, bölgədə hansı futbolçuların yetişdiyini bildirildi. Elxan Məmmədov da Zaqatalanın ölkə futbolunda xüsusi yerə sahib olduğunu dedi.

Baş katiblə söhbətdə stadion və bazadakı problemlər haqda danışdıq. Əslində, ciddi problem yoxdur.

Sadəcə, illərdir istifadə olunur, müəyyən yenilənmə işləri görülməlidir. Zaqatala Olimpiya Kompleksi isə, Azərbaycan Gənclər və İdman Nazirliyinin balansındadır.

Məmmədov bu haqda gənclər və idman naziri ilə söhbət edəcəyini, vacib məsələləri diqqətinə çatdıracağını söylədi”.

Musa bəy Elxan Məmmədovla dialoqda xoş xəbər aldığını, lakin bunun “Zaqatala”nın taleyinə nə dərəcədə təsir edəcəyini bilmədiyini dedi:

“Elxan Məmmədov növbəti mövsümdə Premyer Liqada 10 komandanın iştirakının nəzərdə tutulduğunu bildirib, 2023-24 mövsümündə sayın 12-yə yüksəlməsinə çalışacaqlarını söylədi.

Lakin konkret bölgə və komanda adı çəkilmədi. Məlum məsələdir ki, say artımında bölgə komandaları nəzərdə tutulur.

Bilmirəm, yeni komandalar “Turan”, “Kəpəz”, yaxud “Zaqatala” olacaq. Ya da, Lənkəran-Masallı, Quba-Qusar zonalarının təmsilçiləri.

İstənilən halda Premyer Liqada komanda sayının artırılması ilə bağlı planın qurulması xoş haldır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti