“Hələlik 250 manata işləyəcəm, sonra ...” – Azərbaycan çempionatının bombardiri

13 Oktyabr 2021 17:00 I Divizion 2 304
“Hələlik 250 manata işləyəcəm, sonra ...” – Azərbaycan çempionatının bombardiri

“Yenə sağ olsunlar, işləməyim üçün şərait yaratdılar. Artıq işə başlamışam.

Futbolda topladığım təcrübəni uşaqlara aşılamağa çalışacam”.

23 qolla 1995-96 mövsümünün bombardiri olmuş Rövşən Əhmədov “Kəpəz”də fəaliyyətə başlaması ilə bağlı Sportinfo.az-a danışıb.

Futbolçu karyerasını bitirəndən sonra sevdiyi oyun növündən uzaq düşüb fəhlə işləyən Əhmədov vaxtilə formasını geydiyi komandada seleksioner-məşqçi funksiyasını yerinə yetirəcək.

Rövşən bəy görəcəyi işlətlə bağlı ətraflı izah verib: "12-13 yaşlı uşaqlara həm məşq keçəcəm, həm də ətraf rayonlardan istedadlı futbolçuların seçimi ilə məşğul olacam.

Yevlaxdan tutmuş Qazaxa kimi bölgələrə baş çəkib, uşaqların bacarığına baxacağıq. Bəyəndiyim olanda ad-soyadını rəhbərliyə təqdim edəcəm, qalan işlə özləri məşğul olacaq.

Məşq keçmək üçün C kateqoriyam da var. Hansısa problemlə üzləşəcəyimi düşünmürəm. Biri var beton qarışdırasan, biri də var futbolda işləyəsən”.

Maraqlıdır, vaxtilə fəhləlikdən gileylənən Əhmədovun yeni işindəki qazancı ailəsini dolandırmağa kifayət edəcək? Çünki regionlarda Rövşən bəyin daşıdığı vəzifəyə verilən maaş elə də yüksək deyil.

Görək, səbəbkarın bu məsələdə fikri necədir: “Hələlik 250 manata işləyəcəm, sonra maaşın qalxacağını deyiblər. Eybi yox, olsun.

Bir təhər dolanmaq olar hələ ki. Bu qədər gözləmişəm, yenə gözləyərəm. Əsas odur futbolun içindəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"