“Borussiya”nın futbolçusu indi Bakıda - şirkətdə işləyir

24 Sentyabr 2021 19:00 I Divizion 910
“Borussiya”nın futbolçusu indi Bakıda - şirkətdə işləyir

“Biz onu Almaniyadan dəvət etməmişik, xeyli müddətdir ki, buradadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qaradağ Lökbatan”ın məşqçisi Füzuli Məmmədov deyib.

I Divzion klubu Fabian Zittlaunu heyətinə qatıb. 31 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümü üçün sifariş ərizəsinə də salınıb

. Qəsəbə təmsilçisində 7 nömrəli formanı geyinən Zittlau “Hanza”nın yetirməsidir. Almaniyalı karyerası boyu əsasən ölkəsində həvəskar səviyyəli komandalarda iştirak edib.

Yalnız 2016-2019-cu illərdə Sloveniyada - “İnterblok” un heyətində legioner həyatı yaşayan Fabian son olaraq Almaniyanın VI liqa komandası “Borussiya Lindental-Hohenlind”in şərəfini qoruyub.

Həvəskar klubdan ötən ilin yanvarında ayrılan Zittlau “Qaradağ Lökbatan”a keçənə qədər 21 ay klubsuz qalıb.

F.Məmmədov onun Bakıda fəaliyyət göstərən xarici şirkətlərin birində çalışdığını bildirib:

“O, Azərbaycana çoxdan gəlib. Iki ay əvvəl bizə müraciət etdi ki, baxışdan keçmək istəyir. Ilk məşqlərdən gördüm ki, “qab”ında nələrsə var.

Uzun müddət futbol oynamamasına baxmayaraq, artıq çəkisi yox idi. Idman formasını qorumuşdu.

Fikriniz bizim əksər futbolçulara getməsin, əcnəbilər futboldan bir az uzaqlaşan kimi göbək bağlamır.

Bir neçə yoxlama oyununda Fabiana şans verdik, gördük ki, ağıllı futbolçudur. Tapşırıqları yaxşı yerinə yetirirdi, nə deyirdik, edirdi.

Hətta gördük ki, o, meydana çıxandan sonra oyunumuz yaxşı mənada dəyişir. Dedik ki, səni komandaya götürməyə hazırıq, təki sənədlərin qaydasında olsun.

AFFA-ya müraciət etdik, tez Almaniya Futbol İttifaqı ilə əlaqə yaratdılar, transfer vərəqini ala bildik. Hər şey qısa müddətdə qurtardı.

Çempionatda çıxış edə bilməsi üçün Miqrasiya Xidmətinə müraciət etməyə ehtiyac olmadı, çünki şirkətdə çalışdığı üçün vizası var idi.

Məncə, Fabian Divizionda özünü yaxşı tərəfdən göstərəcək. Uzun müddət klubsuz qalması indi qətiyyən hiss olunmur.

Açığı, heç bilmirəm Bakıdakı şirkətdə nə işləyir, amma peşəkardır, özünə yaxşı baxır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı