“Qaradağ”dan superkluba layiq transfer!

24 Sentyabr 2021 16:20 I Divizion 1 744
“Qaradağ”dan superkluba layiq transfer!

Azərbaycanda futbol günü-gündən inkişaf edir.

Yığmamızın seçmə mərhələdə, “Neftçi”, “Keşlə”, “Sumqayıt” kimi komandaların avrokuboklarda “at oynatmas” bütün dünyanın diqqətini Azərbaycan çempionatına yönəldib.

Artıq adlı-sanlı futbolçular Azərbaycanda oynamaq üçün öz xidmətlərini təklif edirlər.

Hətta iş o yerə çatıb ki, elita klublarına düşə bilməyən ulduzlar birinci divizionda da çıxış etməyə razıdırlar. Və bunun nəticəsidir ki, birinci divizion klubları da supertransferlər edirlər.

“Qaradağ-Lökbatan”ın yeni transferini də bu qəbildən hesab etmək olar. Qəsəbə təmsilçisi məşhur alman futbolçu Fabian Zittlaunu transfer edib.

Onunla neçə illik müqavilə bağlandığı məlum deyil. Transferin maliyyə şərtləri də gizlin saxlanılır.

Əldə olan məlumat budur ki, Zittlau “Qaradağ-Lökbatan”da “7” nömrəli formanı geyinəcək. Məşhur futbolçunun təqdimata ehtiyacı olmasa da, bəzi məlumatları bir daha xatırladırıq.

31 yaşlı Fabian son dəfə Almaniyanın 6-cı liqa təmsilçisi “Borussiya Lindental-Hohenlind”də forma geyinib.

Düz 21 ay öncə də bu klubdan ayrılıb. Ta o vaxtdan ayağı top üzü görməyib.

“Qaradağ-Lökbatan”ı belə prestijli transferə görə təbrik edirik. Ümid edirik ki, belə futbolçuların cəlbi ilə divizionun da nüfuzu sürətlə artacaq, gənc futbolçular da ulduz oyunçunun təcrübəsindən yararlanaraq inkişaf edəcəklər.

Nəticədə də, qazanan futbolumuz olacaq. Xeyirli-uğurlu olsun. Hə, bir də, neftin pulları halal xoşunuz olsun!

BİZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!