"Rəhbərlik qarşımıza hər hansı hədəf qoymur"

29 Avqust 2021 20:00 I Divizion 1 666
"Rəhbərlik qarşımıza hər hansı hədəf qoymur"

Birinci Divizion klubu "Zaqatala" yeni mövsümə hazırlıqlarını doğma rayonda davam etdirir. Bölgə klubunun baş məşqçisi Rüstəm Məmmədov hazırlıqla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:

"Ayın 1-dən məşqlərə başlamışıq. İlk 10 gün seleksiya xarakterli məşqlərimiz oldu. Böyük transferlər edə bilmədik. Ötən mövsüm bizimlə olan bəzi futbolçular digər klublara transfer olundular. 3-4 nəfər yeni transferlərimiz oldu. Qalanlar öz yerli oyunçularımızdı. Komandamıza 2004-2005 təvəllüd uşaqlar cəlb etmişik. Ötən mövsümdən müqaviləsi olanlar var. Ümumi götürsək heyətimiz pis deyil. Daha dəqiqini çempionat oyunlarında görəcəyik.

Hazırlıq dönəmində 3 yoxlama görüşümüz oldu. 2 oyun "Qəbələ-2", 1 oyun isə "Kəpəz"lə baş tutdu. Qarşıda 1 və ya 2 görüşümüz olacaq. Rəqiblərdən biri yəqin ki, "Turan Tovuz"olacaq. Digər rəqiblə bağlı hələ nəsə dəqiq deyil.

Gələn ayın 3-dən yükləmələri nisbətən azaldacağıq. Daha çox kombinasiyaların üzərində işləyəcəyik".

Gənc mütəxəssis komandasının hədəflərindən də söz açıb: "Öncəki illər olduğu kimi rəhbərlik tərəfindən qarşımıza hər hansı hədəf qoyulmur. Bir çox məsələlər öz öhdəliyimizə buraxılıb. Artıq neçə ildi komandadayam. Nə material tapa biliriksə, onun üzərində çalışırıq. Əlbəttə, bir məşqçi kimi hədəfim çempionluqdur. Uşaqları da yalnız bunun üçün hazırlayırıq. Amma konkret hədəf qoyulmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!