"CBC Sport" Birinci Divizion görüşlərini canlı yayımlayacaq? - PFL-dən açıqlama

20 Avqust 2021 23:00 I Divizion 1 301
"CBC Sport" Birinci Divizion görüşlərini canlı yayımlayacaq? - PFL-dən açıqlama

"Peşəkar Futbol Liqası (PFL) hər zaman çalışır ki, Birinci Divizionla Premyer Liqanı ayırmasın. Təşkilati baxımdan axsamalar olmasını istəmirik. Hər il də bu niyyətimiz yaxşıya doğru irəliləyir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında yeni mövsüm Birinci Divizondakı oyunların canlı yayımlanıb-yayımlanmayacağına münasibət bildirən PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi ötən il olduğu kimi yeni mövsümdə də PFL-in yutub kanalından görüşlərin canlı yayımlanacağını bildirib: "Ötən mövsüm PFL-in yutub kanalı vasitəsilə hər turda iki görüşü canlı yayımlayırdıq. Bölgə komandalarının görüşünə maraq daha çox olurdu. Artıq yeni mövsümdən kanalımız vasitəsilə canlı yayımlayacağımız oyunların sayını artırmağa düşünürük. Hər turda baş tutacaq 6 oyundan 4-nü canlı yayımlamaq istəyirik".

Aslan bəy oyunların "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanması ilə bağlı kanal rəhbərliyi ilə danışıqların aparılacağını da sözlərinə əlavə edib: "CBC Sport" kanalı yarandığı gündən Azərbaycan futbolunun təbliğində böyük işlər görüb. Yaxşı verilişlər tamaşaçılara təqdim olunur. Əllərindən gələni edirlər. Amma yalnız Azərbaycan Premyer Liqasının və Ölkə Kubokunun yayım hüququ "CBC Sport"dadır. Kanal da demək olar ki, bu oyunların hamısını yayımlayır. Kanalın da işləri çoxdur. Amma buna baxmayaraq müxtəlif vaxtlarda divizonda olan bəzi oyunları canlı yayımlayıblar.

"CBC Sport"la danışığımız olacaq. Danışıqların aparılması planlaşdırılır, amma necə olacağı dəqiq deyil. Şərtlərin necə olacağını bilmirik. Bu şeylər danışıqlarda bilinəcək. Hətta biz demədiyimiz vaxtlarda belə "CBC Sport" sağ olsun özləri Birinci Divizonun görüşlərini yayımlamağa təşəbbüs göstərib. Yəqin ki, imkanları olsa, yenə dəstək olacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti