"Bu gün Premyer Liqaya çıxmaq imkanımız yoxdursa..." - MÜSAHİBƏ

18 Avqust 2021 14:00 I Divizion 1 222
"Bu gün Premyer Liqaya çıxmaq imkanımız yoxdursa..." - MÜSAHİBƏ

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a müsahibə verib. Klub rəsmisi yeni mövsümə hazırlıq, qarşıya qoyulan məqsədlər və digər məsələlər barədə danışıb.

- Turan Tovuz"un yeni mövsümə hazırlığı necə gedir?

- Baş məşqçinin kimliyi bilinmədiyi üçün 2 avqust yerli məşqçilərin rəhbərliyi altında kollektiv məşqlərə başladı. Rövşən Babayevin təyinatından sonra özü komanda ilə hazırlıqlara davam edir.

- Komandanın yay hazırlığı ancaq Tovuzda olacaq?

- Açığı, hələ seçimlər gedir. Komandanın hazırda komplektləşməyi vacibdir. Heç kənara getməyə də ehtiyac yoxdur. Tovuzda toplanış üçün hər bir şərait var.

- Yoxlama görüşləri üçün rəqiblər məlumdur?

- Yoldaşlıq görüşləri olacaq. Amma ad olaraq hansı klublar olacağı məlum deyil.

- Nadir müəllim, seçimlər aparıldığını dediniz. Ümumiyyətlə, əsas komanda üçün seçimlər kimlər arasında aparılır?

- Mən istərdim ki, tovuzluq uşaqlar daha çox olsun. Tələbimiz komandanın çempion olması və ya mükafatçılar sırasına düşməsi deyil. Rövşən müəllimə də demişəm ki, komanda 4-5-ci yerləri tutsun, amma milli komandaya oyunçu verilsin. Yerli uşaqlar inkişaf etsin. Əsas tələbimiz budur. Azarkeşlər də bilsin ki, bizim üçün yer tutmaqdan daha vacibi oyunçu yetişdirməkdir.

- Ötən ilki heyətdən kimlərin qalacağı dəqiqləşib?

- Bəzi futbolçularla müqavilə davam edir. Hardasa 50%-ə kimi oyunçu komandada qalacaq. Yeni kimlər cəlb olunacağını baş məşqçi özü seçəcək. İxtiyar onundur. Seçimi özü edib, qərarı özü verəcək.

- Əzəli rəqib "Kəpəz" etdiyi transferlərlə gündəm oldu. Sizdən də belə transferlər gözlənilir?

- Neçə il transferlər etmişik. İki il çempion da olmuşuq. Nəticəsi nə olub? Son illər Tovuzdan bir futbolçu da çıxmayıb. Yer tutmuşuq, amma futbolçu yetişməyib. Mənə görə yer yox, futbolçu yetişdirib üzə çıxarmaq önəmlidir.

- Belə başa düşdüm ki, yeni mövsüm "Turan Tovuz"un strategiyası dəyişir. Hədəf yuxarı pillələr yox, yerli futbolçuları üzə çıxarmaq olacaq?

- Müşahidə Şurası seçimini Rövşan Babayevin üzərindən etdi. Sonra yeni baş məşqçi ilə görüşümüz oldu. Nə istədiyimizi soruşdu. Nə istədiyimi bildirdim. Şəxsən Rövşən Babayevə bildirmişəm ki, gənclərə şans vermək, futbolçu yetişdirilməlidir. Bu gün Premyer Liqaya çıxmaq imkanımız yoxdursa, gəncləri üzə çıxartmaq lazımdır. Müəyyən yaş qrupuna kimi futbolçular gəlir, amma sonra yoxa çıxırlar. Bu gün burda işləməsəm belə, azarkeş kimi bunları deyərəm. Heyət yığaq, çempion olaq. Ordan milli komandalara, Azərbaycan futboluna faydalı bir futbolçu çıxmayacaqsa, nə mənası var? Sadəcə tarixə yazılır ki, "Turan Tovuz" divizionda flan yeri tutdu. Mən də deyirəm ki, komanda 4-5-ci yeri tutsun, amma ilin sonunda görək ki, bir neçə futbolçumuz yetişib və milli komandaya gedib. Bu daha faydalı və daha önəmlidir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"