“Zirə” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyadan “Dunayska Streda” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov oyundan sonra maraqlı açıqlamalar edib.
Sadıqov bu tip rəqiblərin çox təhlükəli olduğunu bildirib:
“İlk oyundan sonra danışmaq çox çətindir. Cavab qarşılaşmasına mütləq şəkidə ciddi hazırlaşmalıyıq.
Bu tip rəqiblər çox təhlükəli olur. Mərhələni adlamaq istəyiriksə, bu gündən ikinci oyuna köklənməliyik.
Oyunun taleyi səfərdə həll olunacaq. 4:0 üstünlük bizi rahatlada bilməz. Bu hesabdan sonra rəqibin dayanacağını, oyun intizamının pozulacağını düşündüm.
Amma 60-70-ci dəqiqədən sonra necə təhlükəli rəqib olduğunu gördük. Bu da bizə səfər oyununa yaxşı hazırlaşmalı olduğumuzu göstərir”.
“Dunayska Streda” – “Zirə” cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

