Rəşad Sadıqov Azərbaycan futbolu üçün ciddi fiqurdu.
Məhz bu səbəbdən də onun hər addımı diqqəti çəkir, müzakirə və mübahisələrə səbəb olur.
Milli komandada karyerasını başa vuranda sevinənlər də vardı, üzülənlər də. Sevinənlərin dəlilləri heç bir ciddi fakta əsaslanmırdı. Zaman da bunu isbatladı. Üzülənlərin haqlı olduğunu göstərən də elə əlahəzrət zaman oldu.
Milli komandada Rəşadın genişindən sonra yaranan boşluğu heç kim doldura bilmədi. Söhbət təkcə kapitan sarğısını qola taxıb, meydana çıxmaqdan getmir. Bunu ayağı top tutan hər kəs bacara bilər. Önəmli olan komandanın liderinə çevrilməyi bacarmaq, futbolçuları mübarizəyə kökləmək, sərkərdə kimi arxanca aparmaqdı.
Yığmada bunu etmək xüsisilə vacib və çətindi. Çünki bizim millimiz ustalıq səviyyəsi o qədər də yüksək olmayan futbolçulardan qurulan kollektivdi. Üstəlik, bu komandanın formasını geyənlərin heç də hamısı bu vətənin övladları deyil. Belədə onlardan Azərbaycan üçün sona qədər döyüşməyi tələb etmək də çətindi. Kimisi AFFA-nın yağlı vədlərinə, mükafat qazanmaq həvəsinə görə bizim komandanı seçir, kimisə də “şəxsi iş”inə yığma futbolçusu olduğunu yazdırmaqdan ötrü. Rəşad fərqli düşüncə sahiblərini öz arxasınca aparmağı bacaran lider idi.
Elə “Qarabağ”da da eyni məsuliyyət illərlə onun çiynində oldu. Düzdü, Qurban Qurbanov komandasının heyətinə futbolçu seçərkən diqqətli davranır, “Qarabağ”ın ruhuna uymayan, intizamsız birinin kollektivdəki ab-havanı pozacağını yaxşı bilir.
Amma legionerlərin xüsusilə çox olduğu komandada hər kəsə baş məşqçinin nəzarət etməsi, menecerlərin xırda səhvə belə yol verməməsi çətin məsələdi. Bu mənada müəyyən istisnalara zaman-zaman şahid olmuşuq ki, belə məqamlarda Rəşadın kapitan kimi keyfiyyətləri ön plana çıxıb. Yaxın keçmişdə onun futbolçu və kapitan kimi məxsus olduğu keyfiyyətlərdən yazmışdım. Həmin yazı Rəşadın futbolçu karyerasını bitirdiyi ərəfəyə təsadüf edirdi.
Zaman keçdi, artıq Sadıqovla bağlı yeni xəbərlər idman mətbuatının gündəmindədi. Bu xəbər də ondan ibarətdi ki, əfsanəvi “14 nömrə” artıq öz yolunu seçib. Heç kim şübhə etmir ki, Rəşadın “Qarabağ”da qalmaq, köməkçi kimi Qurban Qurbanovun məşqçilər korpusunda yer almaq şansı yüksək idi. Belədə Elçin Rəhmanovla Zaur Tağızadənin yanında Qurban bəyin daha bir etibarlı adamı, güvəndiyi köməkçi yer alacaqdı. Amma özü fərqli yol seçdi. Həm də nisbətən çətin yolu.
Rəşad Sadıqov artıq “Zirə”nin baş məşqçisidi. Yeni mövsümdən qəsəbə təmsilçisini meydana çıxaracaq, bu mövsüm “Zirə” üçün əlçatmaz olan avrokuboklara vəsiqəni qazanmağa çalışacaq. “Zirə”də hazırda böyük islahatlar aparılır. Xeyli sayda futbolçu yola salınıb, onların əvəzinə yavaş-yavaş yenilər gəlir. Heyətin zəifləyəcəyini, yaxud güclənəcəyini indidən demək xeyli çətindi.
Hələ komplektləşmə başa çatmayıb. 15-16 futbolçunun komandadan ayrılmasının fonunda səkkiz yeni isimlə sözləşmə imzalanıb. Adlara baxanda, yenilərin köhnələri unutduracağına əmin olursan. Kərim Diniyev, Rəşad Eyubov, Ruslan Qurbanov, Şəhriyar Rəhimov, Klesio Bauk , Sərtan Taşqın , Rəşad Əzizli, Tural Bayramlı – kimisi keçmişiylə öyünür, digəri də hələ parlamaqdadı. Gələnlərin hər biri zaman-zaman yaxşı futbolçu kimi tanınıb, milli komandaların formasını geyməyə macal tapıblar.
Görünən odu ki, qəsəbə təmsilçisi daha çox “yerli bazar”a üz tutur, azərbaycanlı futbolçuların heyətdə daha çox olması kursu götürülüb. Heç şübhə etmirəm ki, bu siyasətdə maddi məsələlərin də təsiri var. Onsuz da koronavirus pandemiyasının gətirdiyi problemlər həyatımızın hər sahəsinə öz təsirini göstərib. Futbol da istisna deyil. Belədə mövcud imkanlardan maksimum yararlanmaq, az xərclə böyük işlər görmək həvəsi də anlaşılandı.
Ümid edirəm ki, Rəşad Sadıqov qarşısına qoyduğu məqsədin öhdəsindən gəlməyi bacaracaq. Söhbət təkcə “Zirə”nin avrokuboklara vəsiqə qazanmasından, orda mərhələ adlamasından getmir. 30 ilə yaxındı ki, Azərbaycan müstəqilliyini bərpa edib, UEFA-ya üzv olmuşuq.
Bu müddət ərzində klublarımız Avropada mərhələlər keçib, qruplarda da oynamışıq. Qələbələrin sayını da itirmişik. Amma bir məqam var ki, onunla heç cür öyünə bilmərik. Həmin məqam da futbolçu yetişdirmək sahəsindəki problemlərimizdi. Daha doğrusu, heç kimi yetişdirə bilməmişik.
Çox istərdim ki, “Zirə” Rəşad Sadıqovdan nəticə tələb edəndə təkcə avrokubokları, ölkə çempionatının mükafatlarını düşünməsin. Daha vacibi Azərbaycan futboluna xidmət etmək, millilərimiz üçün futbolçu yetişdirməkdi.
Akademiya olmadan bunu həyata keçirməyin çətin olduğunu da bilirəm. Ola bilər ki, heç kimin tanımadığı, yaxud da şans vermədiyi bir gənci Sadıqov yeni səviyyəyə çıxarsın, onun inkişafına təkan versin. Əsas gözləntim məhz budu. Bunun özü də yeni sınqaqdı. Bütün sınaqlarda üzün ağ olsun, Kapitan! (Futbol+)

