Azərbaycan klub futbolu tarixində ən uzunmüddətli seriyalardan biri başa çatdı.
“Qarabağ”Bakıda “Tvente”yə məğlub olaraq, 2026/27-ci il mövsümündə avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilmədi.
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu əlavə vaxtda qonaqların 4:1 hesablı qələbəsi ilə bitdi.
Bir həftə əvvəl Ensxede şəhərində 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası üstünlüyünü qoruya bilməyib və iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə uduzdu.
Beləliklə, “Qarabağ” 2013/14 mövsümündən bəri ilk dəfə UEFA turnirlərindən birinin əsas mərhələsində təmsil olunmayacaq.
Burada “Qarabağ”ın bütün mövsümünü yalnız bir oyun üzərindən qiymətləndirmək düzgün çıxmaz. Yay transfer pəncərəsində komandanın heyətində ciddi dəyişikliklər baş verdi.
Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Langa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreckis kimi səkkiz yeni futbolçu komandaya qoşuldu.
Eyni zamanda Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Leandro Andrade və Kamilo Duran kimi futbolçular komandadan ayrıldı.
Belə böyük heyət dəyişiklərindən sonra yeni futbolçuların sistemə, məşq prosesinə, oyun modelinə və bir-birinə tam uyğunlaşması üçün zaman lazımdır.
Üstəlik, “Qarabağ” kimi hər mövsüm Avropada nəticə gözlənilən komandada bu uyğunlaşma prosesi üçün çox az vaxt olur.
Transfer etmək başqa məsələdir, yeni futbolçunu komandanın oyun modelinə inteqrasiya etmək isə tamamilə başqa.
SPORTİNFO.AZ
