“Qarabağ” üçün bu mövsüm avrokuboklar uğursuzluqla başa çatdı.
Ağdam təmsilçisi 12 mövsümlük arada sonra ilk dəfə avrokubokların əsas mərhələsindən kənarda qaldı.
Bakıda “Tvente”yə 1:4 hesablı məğlubiyyət “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırmasına səbəb oldu.
Görəsən, bu məğlubiyyət komandaya bundan sonra necə təsir göstərəcək?
Bu suala cavab almaq üçün Azərbaycan futbolunun tanınmış siması, təcrübəli mütəxəssis Ramiz Məmmədovun fikirlərini öyrəndik:
"Qarabağ"da yenidən qurma işləri gedir. Bu da başadüşüləndir. "Qarabağ"ın rəhbərliyinə, məşqçilər korpusuna bütün futbolsevərlərin adından təşəkkür düşür.
Uzun illərdir ölkəmizi Avropada uğurla təmsil edirlər. Azərbaycan futbolunun yüksəlişində əmək sərf ediblər.
Son oyunda da gözəl çıxış etdilər. Nə qədər uduzsalar belə Azərbaycan futbolunun inkişafında xidmətləri olub. Qurban müəllim və köməkçilərinə "Tvente" ilə oyunda görə də təşəkkür düşür.
Bundan sonrakı işlərində uğurlar arzu edirəm. Ötən mövsüm Çempionlar Liqasına başları qarışdı deyə çempionluq əldən çıxdı. İki cəbhədə mübarizə aparırdılar. Ancaq bu mövsüm daha maraqlı liqa gözləyirəm.
Bu dəfə "Sabah"ın başı Çempionlar Liqasına qarışacaq. Qurban müəllimin komandanı formalaşdırmağa daha çox vaxtı olacaq. Məncə, yeni nəsilin qurulmasında bu məqam çox əhəmiyyətli olacaq. Tez bir zamanda "Qarabağ"dan yeni uğurlar gözləyirik.
12 illik uğurun qabağında son məğlubiyyət çox xırda bir məğlubiyyətdir. Yeni "Qarabağ"ın qurulmasına bu məğlubiyyət töhfə verəcək".
XANOĞLAN/ SPORTİNFO.AZ
