Qurban Qurbanovun istefasını tələb edirlər - On iki illik möcüzəni borc bilməyə başlayanda

09:00 Qarabağ 143
Qurban Qurbanovun istefasını tələb edirlər - On iki illik möcüzəni borc bilməyə başlayanda

Şərqdə köhnə bir məsəl var. Deyilənə görə, bir kişi hər səhər uzaq bir bulaqdan kəndə su gətirərmiş.

Bir il gətirib. Beş il gətirib. On il gətirib.

Vaxt keçdikcə insanlar ona təşəkkür etməyi unudublar. Elə biliblər ki, su öz-özünə gəlir.

Günlərin birində isə kişi kəndə boş kuzə ilə qayıdıb.

Kənd ayağa qalxıb.

Su hanı?

Artıq heç kim xatırlamırmış ki, bu adam illərdir həmin su üçün dağları aşıb, yollar keçib.

Bilmirəm niyə, amma bu gün “Qarabağ”ın ünvanına yağdırılan ittihamları görəndə həmin məsəl yadıma düşdü.

On iki il bizə Avropa futbolu gətirdilər.

Düz on iki il payız-qış aylarında püşkatmanı gözlədik, xalları hesabladıq, rəqiblər barədə mübahisə etdik, Avropanın stadionlarına baxıb orada ölkəmizin adını gördük.

Və buna öyrəşdik.

İnsan qəribə məxluqdur. Xoşbəxtliyə bədbəxtlikdən daha tez alışır. Dünən möcüzə saydığı şey bir neçə ildən sonra ona həyatın adi qaydası kimi görünür.

“Qarabağ” mümkünsüzə yaxın olanı bacardı.

Bizim imkanlarla müqayisədə büdcələri astronomik rəqəmlərlə ölçülən klubların qarşısına çıxdı. “Çelsi”, “Atletiko”, “Roma”, “Bayer”, “Liverpul”, “Benfika”

ilə üz-üzə gəldi. Ondan sadəcə biabır olmamaq gözlənilən meydanlarda qələbələr qazandı.

Avropanı “Qarabağ” sözünü öyrənməyə məcbur etdi.

Ən təhlükəlisi isə bundan sonra baş verdi.

Biz qələbəyə öyrəşdik.

İndi isə on iki ildə ilk dəfə yol adət etdiyimizdən tez yarıda qaldı. Və birdən-birə divardakı bir çata görə bütün evi sökmək istəyənlər peyda oldu.

Qurban Qurbanovun istefasını tələb edirlər.

İnsan yaddaşı nə qədər tez korşalırmış.

Qurban Qurbanov Avropaya gedən hazır yol tapmadı.

O yolu özü çəkdi.

Ondan əvvəl həmin yol yox idi. Xam torpaq idi.

İlk addımı o atdı.

Bəlkə də elə buna görə bu gün çoxları onun gördüyü işin miqyasını tam dərk etmir. Çünki onların bir qismi azarkeş kimi gözünü artıq çəkilmiş yolun üzərində açıb və elə düşünüb ki, bu yol həmişə var idi.

Yox idi.

İllərlə hamımızdan öndə gedən, addım-addım o yolu açan bir adam vardı.

Və bunu hamımız üçün edirdi.

Sadə bir həqiqət var:

Ağac bir il bar vermədi deyə baltalanmaz. Xüsusən də uzun illər yayın cırhacırında məhz onun kölgəsinə sığınmısansa.

Futbol notariat kontoru deyil ki, qələbəni oyundan qabaq möhürləyib cibinə qoyasan.

Burada “Real” da uduzur.

“Barselona” da uduzur.

Çempionlar büdrəyir.

Nəhəng komandalar da bəzən stadionu başıaşağı tərk edir.

Futbolu gözəl edən də elə budur.

Amma hesabdan daha vacib şeylər var.

Qələbənin ömrü doxsan dəqiqə ola bilər.

Sədaqətin ömrü isə bir insan ömrü.

Klubu yalnız qalib gələndə sevən adam klubu sevmir. O, öz sevincini sevir.

Məhz buna görə bu gün “Qarabağ”a hakimlik edənlər lazım deyil.

“Qarabağ”a özününkülər lazımdır.

Qurban Qurbanovu tənqid etmək olar.

Məşqçi müqəddəs deyil.

O da səhv edə bilər. Məğlub ola bilər. Yanlış taktika seçə, oyunu düzgün oxumaya, qərarlarında yanlışa yol verə bilər.

Amma tənqidlə nankorluğun arasında çox aydın bir sərhəd var.

O sərhədi keçmək olmaz.

Çünki on iki il bizə su gətirildi.

Bu gün isə kuzə boş çıxdı.

Kuzəni sındırmayın.

Onu bu qədər il dağlardan, daşlardan keçirib çiynində daşıyan adamı lənətləməyin.

Sabah o, yenə bulağa gedəcək.

Bizim işimiz isə onunla yanaşı addımlamaqdır.

Elçin Alıoğlu

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!