Özü getdi, izi qaldı - Premyer Liqada Ayxan Abbasovun üzünü ağ edənlərin SİYAHIsı

21:00 Premyerliqa 207
Özü getdi, izi qaldı - Premyer Liqada Ayxan Abbasovun üzünü ağ edənlərin SİYAHIsı

Özü gedib, izi qalıb...

Söhbət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovdan gedir.

Təcrübəli mütəxəssis ötən mövsümün sonunda “Şamaxı”dan ayrıldı.

Amma onun komandaya qazandırdığı əcnəbilər bu gün də Premyer Liqa klublarının xidmətindədir.

Məsələn, “Şamaxı”da qalan Rikardo Fernandes və Rikardo Apolinario onun məhsuludur.

Ötən mövsüm “Şamaxı”nın formasını geyinən Kərim Rossi artıq “Qəbələ” formasında top qovacaq.

Yeni mövsümdən "Şamaxı"nı “Turan Tovuz”a dəyişən Dioqo Balau da Abbasovun tapıntısıdır.

Burada bir məqamı da qeyd etmək lazımdır: Abbasovun gedişindən sonra “Şamaxı”dan ayrılan əcnəbiləri klub göndərməyib, yüksək maaş tələbi səbəbindən yollar ayrılıb.

Hələ Ayxan Abbasovun “Turan Tovuz”da çalışdığı dövrdə ölkəmizə gətirdiyi Alexandro Serrano, Roderik Miller, Hakman və digər legionerləri də siyahıya əlavə etsək, ortaya kifayət qədər uzun bir siyahı çıxar.

Düzgün seçim etdikdə gətirdiyin futbolçu sənin klubundan ayrıldıqdan sonra da başqa komandaların diqqətini çəkə bilir.

Maraq üçün bildirək ki, ötən mövsüm “Karvan-Yevlax”ın heyətinə cəlb etdiyi 12 legionerdən heç biri bu yay başqa Premyer Liqa klubuna lazım olmadı.

Komanda elitanı tərk etdi, əcnəbilərin də böyük əksəriyyəti Azərbaycanı tərk etdi.

Buradan nəticə çıxarmaq çətin deyil: legioner gətirəndə məqsəd sadəcə say artırmaq olmamalıdır.

Elə futbolçu gətirməlisən ki, real fayda versin, özünü göstərsin, adından söz etdirsin və mövsümün sonunda başqa klubların da diqqətini çəksin.

Sabah da gətirənin, oynadanın üzü ağ olsun.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti