«Qəbələ» 1 ilin, «Şəfa» 1 ayın komandasıdır. Məntiqlə arada uçurum olmalıdır.
Zaur Həşimov 1 ayın içində Kaxaber Sxadadzenin illik fəaliyyətindən daha çox iş görübsə, ona zaman tanınsa, nəldər eləməz!
Sakit, hər arı yuvasına çubuq çoxmayan, sırf öz işiylə məşğul olan məşqçidir. «Şəfa»nın bu mənada bəxtinin gətirdiyi şübhəsizdir.
Həşimov illər öncə «Qəbələ»də çalışıb. Baş məşqçinin köməkçisi kimi.
Üstündən nə qədər keçib, «Qəbələ» gözünün qabağında belə mütəxəssis olduğu halda, gedib xilaskarını orada-burada axtarıb, 2 ildən də çoxdur ki, Sxadadzenin ətəyindən yapışıb, buraxa bilmir.
Bir ayın «Şəfa»sı Qəbələdə «Qəbələ»yə, onun rəhbər şəxslərinə, məşqçilərinə futbol dərsi verdi. Doğrusu, inanmaq çətindir: avqust ayı ərzində formalaşdırılan heyət belə gözəl oyunu necə nümayiş etdirə bilər?
Bu, ağır zəhmət, düzgün seleksiya və işə peşəkar yanaşmanın sübutudur.
Zaur Həşimovun köməkçiləri bu sahədə yeni-yeni addımlar atan, hələ özünü təsdiqləmək fürsəti əldə etməyənlərdir.
O, yardımçılarının da yerinə çalışır bəzən. «Şəfa»nın məşqini və oyununu izləyərkən, bunu hiss edirsən - Həşimov hər xırda elementə belə, fikir verir, ümumiyyətlə, heç nə gözündən qaçmır.
«Qəbələ»yə qarşı sərgilədikləri ağıllı və dinamik futbol ləzzət elədi mənə. Müdafiə planında və ikinci toplara çıxışda sadəcə, gözəl təsir bağışladılar.
Hesab da 1:0 olmalı deyildi: şans ayağı büdrəməsəydi, «Şəfa» daha bir neçə epizodda qolu bayram edəcəkdi.
Yenə də eybi yox, buna da şükür! Məqsəd Premyer Liqada qalmaqdırsa, «Şəfa» hədəfinə vaxtından əvvəl çatacaq.
Adətən, proqnoz verməyi xoşlamasam da, içimdə bir əminlik var ki, «Şəfa» çempionata al-əlvan rəng qatacaq, turnir cədvəlinin «zirzəmi»sindən uzaq gəzəcək.
Təki bu klubun rəhbərliyi həmdəmxəyallıq eləməsin, gündə bir fikirlə yatıb-qalxmasın, udanda olduğu kimi, uduzanda da komandanın arxasında dayansın.
Əfranlıq eləməsələr, Həşimov bu seçimə görə onlara peşmanlıq yaşatmayacaq.
ELNUR
