"Mən indi də heç nədən çəkinmirəm!"

1 May 2020 23:12 Zirə 688
"Mən indi də heç nədən çəkinmirəm!"

"Premyer Liqanın mayın 23-də bərpa ediləcəyi ilə bağlı xəbərə çox şad olduq.

Buna bütün futbolçular və futbol ictimaiyyəti sevinir. Çünki artıq həqiqətən evdə oturmaqdan bezmişik. Peşəkar Futbol Liqasının qərarını müsbət qarşılayırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov deyib.

31 yaşlı yarımmüdafiəçi 2-3 həftəlik təlim-məşq toplanışının az olduğunu bildirib: "Bu vaxtın futbolçulara kifayət edib-etməyəcəyi bəlli deyil. Düşünürəm ki, oyunçular yalnız 30-40 faiz formaya düşə bilərlər.

Bu, turnir cədvəlinə də mütləq təsir edəcək. Çempionatda azarkeşlərin də olmasını istəyirdik. Amma bu, təhlükəsizliklə bağlı verilmiş qərardır. Ona görə də anlayışla qarşılamaq lazımdır".

Hüseynov FIFA-nın futbolçuları zədələrdən qorumaq üçün 5-ci əvəzetməni təklif etməsinə yaxşı yanaşmayıb: "Məncə, 3 əvəzetmə daha yaxşıdır. Belə əlavə qaydalar futbola marağı öldürə bilər".

Yarımmüdafiəçi "Oyunlar vaxtı koronavirusa yoluxma təhlükəsinə görə rəqiblə təmasdan çəkinməyəcəksiniz" sualını isə belə cavablandırıb: "Mən indi də heç nədən çəkinmirəm,

Virus gələndən bircə dəfə maska taxmışam. Ondan sonra isə çıxarıb atmışam (gülür). Bununla fəxr etmirəm, sadəcə, hövsələm çatmır. Mənə elə gəlir ki, məşqə də maska ilə çıxmarıq, demək olar ki, virus artıq yoxdur".

Cavid Hüseynov mövsümün əvvəlindən "Zirə"də çıxış edir. Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti