
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “DAC 1904” kifayət qədər zəngin tarixə malikdir.
Dunayska-Streda şəhərini təmsil edən klub 1904-cü ildə yaradılıb.
Vaxtilə Çexoslovakiya çempionatında iştirak etdiyi dönəmdə ölkə kubokunu qazanıb (1987), 1984/85 mövsümündə çempionluğu bayram edib. 2018-ci ildən bu yana 4 dəfə Slovakiya çempionatının gümüş medallarını aktivinə yazıb.
Bu kollektiv “Jilina”, “Rujomberok”, “Spartak Trnava” qədər öncüllərdən sayılmasa da, son illər Slovakiya çempionatında adından söz etdirməyi bacarıb.
Lakin eyni sözləri avrokuboklarda iştirak barədə demək çətindir. “Zirə”nin rəqibi beynəlxalq arenalarda ciddi uğura imza ata bilməyib. Ən gözəgəlimli nəticəsi öncə Avropa Liqasında, sonra Konfrans Liqasında 3-cü mərhələyə yüksəlmək olub.
2018-ci ildə Avropa Liqasında “Dinamo Minsk” (Belarus), 1 il sonra həmin yarışda “Atromitos” (Yunanıstan), 2020-ci ildə yenə Avropa Liqasında LASK (Avstriya) səddində “ilişiblər”.
Son 3 ili Konfrans Liqasında keçiriblər ki, burada “Partizan” (Serbiya), FCSB (Rumıniya), ötən yay isə “Dila” (Gürcüstan) irəli getmələrinə imkan verməyib.
Odur ki, “DAC 1904” “Zirə”nin “dişinə görə” rəqibdir. Mərhələ adlamaq üçün “Şerif”lə matçlardakı kimi oynayaraq Salifu Sumanın yol verdiyi səhvi təkrarlamamaq kifayət edəcək.
Bu axşam “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ