COP29

Rəşad Sadıqov: "Daha 2-3 tranfser etmək istəyirik, amma tələsmək istəmirəm"

18 İyun 00:50 Zirə 618
Rəşad Sadıqov: "Daha 2-3 tranfser etmək istəyirik, amma tələsmək istəmirəm"

"Fasilədən sonra məşqlərə başlamaq hər zaman müəyyən çətinlikləri yaradır, amma düşünürəm ki, yavaş-yavaş futbolçular da məşq proseslərinə adaptasiya olurlar.

Əslinə çox istirahət etməyə vaxtımız olmadı.

Fikrimcə, futbolçularımız qısa müddət ərzində öz formalarını bərpa edəcəklər. Hazırlıq prosesinin gedişatı məni qane edir".

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Hazırda Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq prosesindən danışan mütəxəssis 2023/24 mövsümünü də dəyərləndirib.

O, mövsümün çox ağır keçdiyini deyib:

"Çox ağır mövsüm oldu. Demək olar ki, bütün oyunlar bizim üçün finala bərabər idi. Xüsusilə də qış fasiləsindən sonra istər Premyer Liqanın, istərsə də kubokun oyunları bizim üçün çox gərgin mübarizə şəraitində keçdi. Futbolçularda müəyyən yorğunluq ola bilər. Amma çox olmamalıdır. Çünki çempionat boyu daim rotasiyalar edirdik. 3-4 futbolçunu çıxmaq şərti ilə digər oyunçuların çox da yorulduqlarını düşünmürəm".

R.Sadıqov transfer məsələlərinə də toxunub. O, yeni transferlərin gözlənildiyini deyib:

"Bu yay 4 yeni futbolçu transfer etmişik. Bunlar Aydın Bayramov, Elçin Əlicanov, Davit Volkov, Junior Martinsdir. Ötən mövsüm onların hər biri çempionatda özlərini yaxşı tərəfdən göstəriblər. Azad agent statusu daşıdıqlarına görə onları transfer etməkdə maraqlı olduq. Junior Martins "Kəpəz"ə məxsus idi, onu transfer etdik. Amma digərlərinin sərbəst olmaqlarından istifadə edib sıralarımıza qatdıq. Düşünürəm ki, bu il komandamızın gücünə güc qatacağıq. Yeni transferlər gözlənilir. Axtarışdayıq. Bu yay 2-3 futbolçu ilə transfer işlərimizi tamamlamaq istəyirik. Amma nə zaman olacaq, necə olacaq, bunu zaman göstərəcək. Transferlər etmək üçün qarşıda 2 ay yarım vaxtımız var. Tələsmək istəmirəm. Sırf avrokubok xatirinə transfer etmək istəmirəm. Çünki bizi təkcə avrokubok yox, həm də gərgin və maraqlı çempionat gözləyir. Bütün komandalar güclənir. Premyer Liqanın növbəti mövsümü bəlkə də geridə qalan mövsümdən daha da gərgin keçəcək".

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatmada "Zirə"nin də rəqibinin adına aydınlıq gələcək.

Paytaxt klubunun potensial rəqibləri “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş”dır (Macarıstan).

Rəşad Sadıqov bu barədə də danışıb:

"Biz də püşkün nəticəsini səbirsizliklə gözləyirik. Allahdan bizə, "Qarabağ"a, "Sabah" və "Sumqayıt"a xeyirli rəqib diləyirəm. İnşallah, hər 4 komandamız mərhələ keçər, ən azı qruplara 2 komandamız qalar. Bu, Azərbaycan futbolunun inkişafı üçün bir təkan olar. Biz rəqib seçmirik, amma 6 potensial rəqibdən hansı xeyirlidirsə, o düşsün".

Baş məşqçi sonda iyunun 14-də start götürən Avro-2024 haqqında da fikirlərini bölüşüb. Mütəxəssis İspaniya, Almaniya, İngiltərə və Fransa millilərini favorit hesab etdiyini söyləyib:

"Avropa çempionatının ilk günləri bunu göstərdi ki, komandalar ehtiyatlı oynayırlar. Meydanda taktiki savaş gedir. Heç kim məğlub olmaq istəmir. Standart vəziyyətlər çox önəmli olub. Təhlükəli epizodlar yaranır, qollar olur. Düşünürəm ki, günlər keçdikcə komandalar daha açıq, baxımlı futbola üstünlük verəcəklər. İspaniya, Almaniya, İngiltərə favoritdir. Fransanın oyununu gələ görməmişik, amma onlar da favoritlər siyahısındadırlar. Məncə, bu komandalar sona qədər çempionluq uğrunda mübarizə aparacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti