Qətiyyən boş verməyin - “Zirə”yə ciddi xəbərdarlıq!

14:40 Zirə 168
Qətiyyən boş verməyin - “Zirə”yə ciddi xəbərdarlıq!

Avrokuboklarda iştirakı sual altında olan “Zirə”nin çıxışı göz oxşayır.

“Qartallar” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”sunu hər iki oyunda 3:0 hesabı ilə məğlub etməklə növbəti mərhələyə yüksəldi.

2-ci raundda səfərdə “Payde” ilə qarşılaşan təmsilçimiz növbəti qələbəyə yaxın idi. Yaranan qol imkanları boşa verilincə, estonlar vurulan yeganə qolla qalibiyyətə sevindi.

“Zirə” 3-cü mərhələyə yüksəlmək üçün ya bu rəqibini “Sumqayıt”da azı 1 top fərqi ilə məğlub edib cütün taleyini penalti seriyasına daşımalı, ya da 2 və daha artıq top fərqli ilə qalib gəlməlidir.

“Payde”nin avrokubok təcrübəsi zəngin olmasa da, 2020-ci ildən mütəmadi mübarizə apardığı turnirlərdə 6 dəfə mərhələ adlamağı bacarıb ki, iki halda 3-cü raunda qədər irəliləyib.

Komandaların çoxu doğma meydanda inamlı təsir bağışlayır. Elə komandalar da var ki, ev və səfər anlayışı bilmədən öz oyununu sərgiləməklə lazım olan nəticəni əldə etməyi bacarır.

Lap elə “Payde” kimi.

“Qırmızı-göylər” avrokuboklarda keçirdiyi 11 ev matçının 5-də məğlub olmaqla 3 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb.

Səfərdəki oyunların sayı isə 12-dir. Hər nə qədər maraqlı olsa da, buradakı təqəmlər də təxminən eynidir. “Payde” rəqib meydanında 6 oyunu uduzmaqla 3 dəfə qalib gəlib, 3 matçda heç-heçə oynayıb.

2022-ci ilin yayında Gürcüstanda “Dinamo Tbilisi”ni 3:2 hesabı ilə üstələyən estonlar 2 il sonra Uelsdə “Bala Taun”u 2:1 hesabı ilə məğlub edib. 2025-ci ilin yayında Cəbəllütariqdə “Magpies” üzərində əldə olunan 3:2 hesablı qalibiyyət də “Payde”nin aktivinə yazılıb.

“Zirə”nin rəqibinin cari mövsüm ilkin təsnifat mərhələsində Litvada “Hagelmann”la 1:1 oynadığını da maraq üçün xatırladaq.

Ümumiyyətlə, “Payde” səfər görüşlərində məhsuldarlıq göstərməyi bacarır. Rəqib meydanında gerçəkləşən son 6 qarşılaşmanın 5-də rəqib qapılarına yol tapmağı bacaran Payde şəhərinin eyniadlı təmsilçisi 8 dəfə qol vurub.

Rəqəmlərdən də məlum olur ki, cavab dueli “Zirə” üçün heç də asan olmayacaq. Mərhələni adlamaq üçün son dərəcə diqqətli və məsuliyyətli olmaq mütləqdir.

İyulun 30-da “SOCAR Polymer Arena”da keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti