"Payde"nin (Estoniya) kapitanı Oskar Hoim Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçı şərh edib.
Sportinfo.az xəbər verir ki, o, ölkəsinin soccernet.ee nəşrinə açıqlamasında komandasının səbr göstərdiyini və böyük hesablı qələbə qazanmaq gücündə olduğunu bildirib.
"Rəqibi məğlub edə biləcəyimizi bilirdik. Səbirli oynadıq, müdafiədə yaxşı idik və anlayırdıq ki, qol imkanlarımız olacaq.
Nəticədə bu fürsətdən yararlandıq. Hətta bir qoldan da artığını vura bilərdik. Hazırda çox sevinirik.
Amma işimiz hələ bitməyib. Gələn həftə Azərbaycanda cavab oyunu var və eyni ruhda davam etməliyik", - deyə o vurğulayıb.
Komanda kapitanı "Zirə"nin qol vura bilməməsindən də məmnun qaldığını söyləyib:
"Əlbəttə, çətin idi. Düşünürəm ki, hamı bizim necə mübarizə apardığımızı gördü.
Qapımızı toxunulmaz saxlamaq istəyirdik və buna nail olduq. İndi isə yolumuza davam etməliyik".
Oskar Hoim cavab görüşündə də eyni oyunu göstərmələrinin vacibliyini qeyd edib:
"Bu gün göstərdiyimiz futbolu davam etdirməliyik. İstəyirik, çalışırıq və yaxşı müdafiə olunuruq. Belə olsa, nəticə də gələcək".
"Zirə" ilə "Payde" arasında cavab görüşü iyulun 30-da Azərbaycanda keçiriləcək.

