Konfrans Liqasındakı təmsilçimiz “Zirə” növbəti sınaq qarşısındadır.
1-ci mərhələdə Kutaisi “Torpedo”sunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edən “qartallar” bu dəfə səfərdə meydana çıxacaq.
Rəqib ötə mövsüm Estoniya çempionatını 4-cü pillədə başa vurmuş “Payde”dir.
Rəqibin adının geniş auditoriyaya tanış olmaması anlaşılandır.
2004-cü ildə yaranan və 2009-cu ildən yüksək dəstədə çıxış edən “qırmızı-göylər” 2020-ci ildən bu yana, yəni ardıcıl 7-ci ildir avrokuboklarda iştirak edir.
Bu müddət ərzində 12 rəqiblə üz-üzə gələn “Payde” 2 dəfə 3-cü mərhələyə qədər irəliləməyi bacarıb.
2020/21 mövsümü koronavirus pandemiyasına təsadüf etdiyindən qaliblər bir oyunun nəticəsinə görə müəyyənləşirdi ki, “Zirə”nin rəqibi həmin il “Jalgiris”lə səfərdə üz-üzə gəlib və uduzub.
Yerdə qalan 11 ev oyununun statistikasına nəzər salsaq, vəziyyət meydan sahibləri üçün heç də ürəkaçan deyil – 3 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət.
Məğlubiyyətlər “Payde”nin avrokuboklardakı ilk vaxtlarında yaşanıb. İlk 5 oyunun 4-də məğlubiyyət qeydə alınıb.
Lakin yaxın bir neçə ilə baxsaq, estonlar son 6 qarşılaşmanın yalnız 1-də uduzmaqla 2 dəfə bərabərə qalıb, 3 dəfə qələbəyə sevinib.
“Payde” Estoniyada “Styarnan”ı (islandiya) 4:0, “Maqpiyes”i (Cəbəllütariq) 4:1 və “Hagelmann”ı Litva) 3:0 hesabı ilə məğlub edib.
Bəli, “Zirə”nin rəqibinin əsas üstünülüyü doğma meydan amilidir. Rəşad Sadıqovun yetirmələri rəqibə bu fürsətdən yararlanmaq imkanı verməməlidir.
Bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

