“Zirə” “Torpedo Kutaisi” səddini bir nəfəsə keçdi.
Bir həftə əvvəl Bakıda Gürcüstan təmsilçisini 3:0 hesabı ilə məğlub edən “qartallar” cavab qarşılaşmasında da eyni hesablı qələbəyə sevindi – 3:0.
Konfrans Liqasının 2-ci mərhələsindəki rəqibin adı “Payde”dir. Çoxlarının adını eşitmədiyi Estoniya komandası.
2004-cü ildə yaranan klub “Levadiya”, “Flora”, “Nömme Kalyu” kimi Estoniya nəhənglərinin kölgəsində qalıb.
Payde şəhərinin eyniadlı təmsilçisi yarandığı gündən 5 il qədər aşağı liqalarda mübarizə aparıb. 2009-cu ildə elitaya yüksəlmək sevincini yaşayaraq son 16 ili Meistriliqada keçirib.
Bu müddətdə 1 dəfə gümüş, 2 dəfə bürünc medallara sahib olmasına baxmayaraq, heç vaxt çempionluq kürsüsünə qalxmayıb. Əvəzində, 1 dəfə ölkə kubkunu, 1 dəfə superkuboku qazanıb.
Ötən mövsümü 4-cü pillədə başa vurub, Estoniya kubokunun finalına “Flora”ya biabırçı hesabla uduzub – 1:5.
2020-ci ildən başlayaraq hər il avrokuboklarda mübarizə aparan “Payde”nin çıxışını büdcəsinə və təcrübəsinə görə əla adlandırmaq olar. 1 dəfə Avropa Liqasında, 2 dəfə Konfrans Liqasında mübarizəni ilk cəhddə dayandırıb. “Jalgiris”, “Şlask Vrotslav” və “B36 Torşavn” “Zirə”nin rəqibinə sevinmək imkanı verməyib.
Digər 3 mövsümdə 2-də 3-cü mərhələyə qədər irəliləyib, 1-də 2-ci mərhələdə dayanıb. Mübarizədən kənarlaşdırdığı komandalar “Dinamo Tbilisi”, “Ararat”, “Bala Taun”, “Styarnan”, “FCB Magpies” olub.
Cari mövsümdə 1-ci mərhələdə Litva “Hegelmann”ı ilə səfərdə 1:1 oynamasına baxmayaraq, doğma meydanında rəqibini böyük hesabla udub – 3:0.
Komandanın baş məşqçisi Estoniya milli komandasının futbolçusu kimi tanıdığımız Tarmo Kinkdir. Rəşad Sadıqovdan 3 yaş kiçik olan 40 yaşlı mütəxəssis vaxtilə “Middlesbro”, “Spartak Moskva”, “Karpatı Lvov” kimi komandaların uğurları üçün tər töküb.
Məşqçilik karyerası elə də zəngin deyil. A kateqoriyasına sahib olan Kink 2020-ci ildə “Levadiya”da köməkçi-məşqçi, daha sonra idman direktoru kimi fəaliyyət göstərib.
2024-cü ildə “Payde”yə gəlib. Burada da uzun müddət baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirib. Bu ilin aprelində baş məşqçiliyə başlayıb.
“Payde”nin heyətinə gəlincə, futbolçuların əksəriyyəti estoniyalıdır. Legionerlər isə hər nə qədər maraqlı səslənsə də, cəmi iki ölkədən dəvət olunub – Braziliya və Qambiyadan. 3 nəfər okeanın o tayından gəlib, 5 nəfər isə Afrika ölkəsindən.
Göründüyü kimi, “Zirə”nin rəqibi ağız büzüləsi, yaxud asan keçiləsi komanda deyil. Konfrans Liqasında 2 dəfə 3-cü raunda qədər irəliləməsi “qırmızı-göylər”in əzmkarlığından və təcrübəsindən xəbər verir.
Rəqibə yuxarıdan aşağı baxmaq “Zirə”yə baha başa gələ bilər. Hər halda “Torpedo”nun tayı deyil.
Komandalar arasında ilk oyun iyulun 23-də səfərdə, cavab qarşılaşması iyulun 30-da ölkəmizdə baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

