«Sabah» mövsümün fırtına kimi əsən bir nömrəli komandasıdır.
Aylardır Premyer Liqanın ən yaxşısı onlardır.
Hər qarşısına çıxanı qarışqa kimi əzən «Sabah»ın önündə dimdik dayanan biri tapıldı, axır ki!
«Zirə»yə qədər bir rəqib «Sabah»a bu qədər başağrısı yaratmamışdı. Adətən, ilk 25-30 dəqiqə ərzində məqsədinə çatan «Sabah»ı fasiləyə məğlub durumda yola salan «Zirə»nin oyununu, hə, ağıllı oyununu çox bəyəndim.
Rəşad Sadıqova afərin! Komandasını fiziki və taktiki cəhətdən əla hazırlamışdı. Bundan da vacibi, futbolçuları psixoloji baxımdan necə ideal duruma gətirmişdisə, hesabda geri düşmələrinə rəğmən, iki qol vura bildilər.
Bu «Sabah»a bir qol vurmaq gümüşdürsə, iki qol vurmaq qızıldır.
Tural Qurbanov «Zirə»yə antipatik yanaşdı. İssa Cibrila və Eren Aydın sürətdə «Sabah»ın cinah müdafiəçilərini qabaqlamasaydı, referi «Zirə»nin mərkəzi keçməsinə də izn verməzdi.
Sanki «Zirə»nin vurduğu hər qol onu daha çox qıcıqlandırır və əsəbiləşdirirdi. Cibrilanın yerdə yıxıldığı epizodda cərimə zərbəsi təyin etməməsini baş hakimin qorxusuna bağlayaq.
Bəli, qorxdu ki, birdən qonaqlar üçüncü dəfə fərqlənər.
Bu hakimliklə qazanılan 1 xalın «Zirə»ni böyütdüyünü düşünürəm. Hər halda gölüylə məşhur Masazırda batmadılar.
KAMİL

