“Zirə” avrokuboklara vəsiqə yolunda “Şamaxı”dan ağır zərbə aldı.
Bölgə təmsilçisini doğma meydanda qəbul edən “qartallar” hesabı açmasına baxmayaraq, penaltini qaçırıb, çox sayda qol imkanlarını boşa verdi.
Oyunun sonlarına yaxın Edqar Adilxanov rəqib qapısının torunu silkələməklə komandasına 1 xal qazandırdı.
Matçdan sonra “Zirə”nin futbolçularına “bıçaq vursaydın, qan çıxmazdı”.
Kapitan Qismət Alıyev Sportinfo.az-a açıqlamasında 1:1-ə görə görə özlərini günahlandırıb:
“Çətin oyun keçdi. Əslində, belə olacağını gözləyirdik.
“Şamaxı” bərk komandadır. Ayxan Abbasovun komandaları həmişə iddialı olur.
Nəticəni nəzərə almasaq, yaxşı oynadığımızı düşünürəm. Xeyli qol imkanlarımız oldu.
İkinci qolu vursaydıq, qələbəni təmin edəcəkdik. Lakin bəxtsizlik və son zərbələrdə qeyri-dəqiqlik buna mane oldu.
Futbolda deyim var, sən vurmasan, sənə vuracaqlar. “Şamaxı” ilə oyunda bunun şahidi olduq. Qələbəyə layiq olduğumuz matçda vacib 2 xal itirdik.
Hələ heç nə bitməyib, mübarizə davam edir. Avrokubok iddiamızı sona qədər davam etdirəcəyik”.
“Şamaxı” ilə 1:1-lik bərabərlikdən sonra xal sayını 43-ə çatdıran “Zirə” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Şamaxılılar 31 xalla 8-ci yerdədir.
HƏBİB

