Ruan Renato bu mövsüm dəfələrlə həm kapitan, həm lider olaraq «Zirə»nin karına gəlib.
«Zirə» hazırda liderlər qrupunda yer alıbsa, braziliyalı müdafiəçinin bunda payı çoxdur.
Rəşad Sadıqov nə qədər ki buradadır, böyük ehtimalla, o da heç yerə getməyəcək, onun yanında qalacaq.
Renato robot deyil, insandır. Ən səviyyəli müdafiəçilər də adi, hətta kobud səhvlərə yol verə bilər.
«Şamaxı» ilə matçı Renato uzun müddət unutmaz yəqin. Penaltini qaçırdı, rəqibin son dəqiqələrdə bərabərlik qolunu vurmasına baiskar oldu.
Edqar Ədilxanovun hesabı 1:1 etdiyi epizodda ən böyük xəta onun idi. Topu vaxtında uzaqlaşdırmağa gecikdi, qıçı boyda Edqar hesabı bərabərləşdirdi.
«Zirə» 90 dəqiqə ərzində dəfələrlə fərqi aça bilərdi. Üç-dörd real fürsət yaxaladılar.
Problem budur da: «Zirə» ələ düşən imkanlardan faydalanma faizində uduzur. Bu, nə birinci belə haldır, nə sonuncu.
Ən azı, mövsümün axırınadək belə davam edəcək. İrəli ucda bir tək Davit Volkovun ümidinə qalan komandanın bu kimi hallarla qarşılaşmasına təəccüblənməyək.
Gürcüstanlı hücumçu da həmişə hazır olmursa, ilk dəqiqələrdən meydanda yer almırsa…
ELNUR

