Rəşad Sadıqovdan ŞOK açıqlama: "Kub rəhbərlərindən soruşmaq lazımdır ki..."

19:00 Zirə 440
Rəşad Sadıqovdan ŞOK açıqlama: "Kub rəhbərlərindən soruşmaq lazımdır ki..."

"Uzun illər boyu legioner hakim gətirildi, baş məşqçi legioner gətirildi, milliyə legioner futbolçular gətirildi, amma bir dəfə milli komandanı idarə etməyə əcnəbi gətirilmədi.

Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam heç vaxt əcnəbi olmadı".

Bu fikirləri Premyer Liqanın 24-cü turunun "Karvan-Yevlax"la matçından sonra (0:1) "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.

Təcrübəli mütəxəssis ona ünvanlanan "niyə bizdə əcnəbi məşqçilərə daha çox şans verilir" sualına cavab olaraq davamında bunları deyib:

"Sumqayıt"da həm Samir Abasov, həm də Ayxan Abbasov bürünc medal qazanıb, ölkə kubokunda final oynayıb.

Elmar Baxşıyev ötən mövsüm "Araz-Naxçıvan"la bürünc medal qazandı. Vaxtilə Aftandil Hacıyev "Səbail"də bürünc medal, Adil Şükürov isə "Zirə"də gümüş medal qazanıb.

Qurban Qurbanov "Qarabağ"da böyük uğurlar qazanıb. Böyükağa Hacıyev "Neftçi"ni ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəltdi.

Yerli məşqçilər tədricən niyə kənarda qalır? Bunun sirri ondadır ki, bəzi klub rəhbərləri legionerlərlə işləməyə üstünlük verirlər. Qurtardı getdi.

Əcnəbilər yerlidən güclüdür deyə bir şey yoxdur. Mən belə hesab etmirəm. Ümumiyyətlə, bu şeylər bu günün söhbəti deyil.

İllərdi bizdə əcnəbi məşqçilərə həvəs olub. Nə vaxt yerliləri gətiriblər?Hansı komandada büdcə az olubsa, onda yerlini gətiriblər. Ki, gör neynirsən. Səndə az büdcə ilə ortaya iş çıxarmaq təcrübəsi var.

Amma hansı komandalarda imkanlar yüksəlib, əlverişli vəziyyət olubsa, klub rəhbərləri daha çox əcnəbi məşqçilərə üstünlük verib. Bu günün tendensiyası deyil. 20 ildi bizim futbolda - əvvəl milli komandada, sonra klublarda gördülər ki, əcnəbi məşqçi effekt vermir. Çox tənqidlər oldu deyə qayıtdılar azərbaycanlı məşqçilərə. İndi yenidən tendensiya dəyişir.

Ola bilsin əcnəbilərlə işləmək daha komfort, daha rahatdı. Səbəb nə olduğunu bilmirəm. Daha yaxşı olar ki, klub rəhbərlərindən soruşulsun. Çünki təyin edən onlardı.

Nə edibsə son illər yerli məşqçilər edib. Samir Abasov "Neftçi"ni çempion etdi. Elmar Baxşıyev "Qəbələ"də kubok qazanıb. Sənan Qurbanov iki dəfə kubok qazanıb.

Sual ani verildi. Oturub sayası olsaq, mövzu uzundur.

Yerli məşqçilər əcnəbilərdən geri qalmır. Baxın, milli komandada da dərhal effektini gördük. Neçə illər əcnəbi işlədi. Azərbaycanlı məşqçi bir gündə o cür ağır oyunlarda yığmanın layiqli çıxış etməsinə səbəb oldu.

Məncə, öz məşqçilərimizi sevək, hörmət edək. Mən futbolçu olmuşam, indi də məşqçiyəm. Futbolumuzda son illər ən çox inkişaf edən mövqe məşqçilər mövqeyidir.

Məsələn, futbolçularımız ustalıqda əcnəbidən geri qalan bilər. Amma məşqçilərimiz teoriyada, praktikada geri qalmır.

Bu mövzunu öz ətrafımızda bir neçə dəfə danışmışıq. Uzun illər boyu legioner hakim gətirildi, baş məşqçi legioner gətirildi, milliyə legioner futbolçular gətirildi, amma bir dəfə milli komandanı idarə etməyə əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam heç vaxt əcnəbi olmadı.

20 ildə bu tendensiya davam elədi. Bu təfəkkür bizdə hər zaman olub. Əcnəbi, əcnəbi, ancaq əcnəbi.

Əlbəttə, real olaraq əcnəbi məndən yaxşıdırsa olsun. Bu gün Valdas Dambrauskasın burada olmasına sevinirəm. Yuri Vernidubun, Kaxaber Tsxadadzenin, Kurban Berdiyevin burada işləməsinə sevinirəm.

Onları görəndə, görüşəndə deyirəm ki, bizim çempionata gəldiyiniz üçün sevinirəm. Bunlar elə mütəxəssislərdir ki, onlardan öyrənəcəyik. Bunların Azərbaycan futboluna faydası olacaq. Amma uzun illər o qədər faydasız, lazımsız əcnəbi məşqçilər gəlib ki... Heç bir məsuliyyət daşımırlar. Problem olanda da hər yerdə deyilir yerli futbolçu, yerli məşqçi. Hər zaman tənqid olunan onlardı".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti