Rəşad Sadıqovun arzusu

16:40 Zirə 72
Rəşad Sadıqovun arzusu

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun baş tutacaq.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Oyunun hansı gərginlik altında keçəcəyini indidən hiss etmək üçün komandalar arasında Sumqayıtda keçirilən ilk duelə nəzər yetirmək kifayətdir.

Fevralın 4-də gerçəkləşən dueldə hər iki komandanın real qol imkanları olsa da, qapılara qol vurulmamışdı. Bu, o deməkdir ki, ilk matçda qeydə alınan nəticə şansların bərabər olduğu göstərir. “Zirə” doğma meydanda oynasa belə.

“Sumqayıt”ın Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansı qış fasiləsindən sonrakı uğursuz nəticələrə görə minimuma enib. Çempionat xətti ilə istəyə çatmaq real görünmür. Odur ki, əsas diqqəti kuboka ayırıblar.

Lakin bu, heç bir halda zirəlilərin mübarizədən çəkilmək həvəsi demək deyil. Təbii ki, Rəşad Sadıqov da istəklidir. Məşqçi kimi karyerasında ilk titulun həsrətində olan 43 yaşlı çalışdırıcı üçün əla imkan yaranıb.

Sadıqov iki dəfə - 2022 və 2024-cü illərdə buna yaxın olsa da, futbolçu kimi uzun illər şərəfini qoruduğu “Qarabağ” qarşısını kəsib. Bu dəfəki cəhddə arzusuna çatmaq üçün alışıb-yanır. Yarımfinal, ardınca final qarşılaşmasında uğurlu nəticələr onu sevindirə bilər.

Statistik göstəricilər “qartallar”ın mümkün uğurundan xəbər verir.

“Zirə”ylə “Sumqayıt” ötən ilin fevral ayından bu yana çempionatda 4, kubokda 1 dəfə üz-üzə gəlib. Ötən ay baş tutan kubok qarşılaşması qeyd etdiyimiz kimi, 0:0 hesabı ilə nəticələnib.

Premyer Liqadakı 4 oyunun hamısında zirəlilər sevinən tərəf olub – 3:0, 3:1, 1:0, 3:2.

“Zirə”nin 4 görüşün 3-də rəqib qapısından 3 top keçirməsi sıradan göstərici sayıla bilməz. Qüvvələr nisbətində aşkar fərq rəqəmlərdə özünü göstərir.

Bu gün Zirə İdman Kompleksinin meydanında baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti